BAKI,TurkicWorld
Amerikalı jurnalist səhvən müharibə planlarının müzakirə edildiyi qrupa əlavə edilib
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio jurnalist Ceffri Qoldberqin Yəmənə hücum planlarının müzakirə edildiyi mesajlaşma qrupuna təsadüfən əlavə edilməsini “böyük səhv” adlandırıb.
Rubio Yamaykada Baş nazir Endryu Holness ilə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı açıqlama verərək, Qoldberqin yayımladığı skrinşotlardakı mesajları yazdığını təsdiqləyib. “Kimsə böyük səhv etdi və söhbət qrupuna bir jurnalist əlavə etdi. Mənim jurnalistlərə qarşı heç bir iradım yoxdur, amma siz o qrupda olmamalı idiniz”, – deyə Rubio bildirib. O, qrupda məxfi məlumatların və ya missiyanı təhlükəyə atacaq detalların paylaşılmadığını qeyd edərək, məqsədin ABŞ prezidenti Donald Trampın xarici siyasət komandası arasında koordinasiyanı təmin etmək olduğunu vurğulayıb.
Qeyd edək ki, Qoldberq “Tramp administrasiyası səhvən mənə müharibə planlarını mesajla göndərdi” başlıqlı məqaləsində əvvəlcə Siqnal qrupuna əlavə edildiyini, daha sonra ABŞ Müdafiə Naziri Pete Hegseth-in Yəmənə planlaşdırılan hücumlarla bağlı mesaj göndərdiyini açıqlayıb. Hegseth isə Goldberqin “heç bir müharibə və ya hücum planı görmədiyini” bildirərək, medianı “aldatmacalar yaymaqda” ittiham edib.