BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə Rusiyadan mütəşəkkil cinayətkarlıqla əlaqəli şəxslərin ekstradisiyası məsələsini yenidən gündəmə gətirib. Türkiyənin ədliyyə naziri Akın Gürlək bildirib ki, ölkəsi barəsində təhvil verilmə tələbi irəli sürülmüş şəxslərin, o cümlədən “Can Dalton” ləqəbi ilə tanınan Beratcan Gökdəmirin Türkiyəyə qaytarılması ilə bağlı müraciətini Rusiya tərəfinə yenidən təqdim edib.
Nazir bu barədə sosial şəbəkə hesabında paylaşdığı açıqlamada məlumat verib.
Akın Gürlək bildirib ki, Sankt-Peterburqda keçirilən Beynəlxalq Hüquq Forumunda iştirak çərçivəsində Rusiya ilə məhkəmə-hüquq sahəsində əməkdaşlığın gücləndirilməsi və transmilli cinayətkarlıqla mübarizənin genişləndirilməsi istiqamətində mühüm görüşlər keçirilib.
Onun sözlərinə görə, Rusiya Federasiyasının Baş prokuroru Aleksandr Vladimiroviç Gutsan ilə nümayəndə heyətləri arasında keçirilən görüşlər məhsuldar şəraitdə baş tutub.
Tərəflər arasında aparılan danışıqların nəticəsi olaraq iki ölkə arasında hüquqi yardım və əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edən Əməkdaşlıq Protokolu imzalanıb.
Nazir qeyd edib ki, görüş zamanı Türkiyənin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə mütəşəkkil cinayətkar qruplara qarşı qətiyyətli mübarizə apardığı diqqətə çatdırılıb.
Akın Gürlək vurğulayıb ki, ədalətdən yayınan şəxslərin ekstradisiyası məsələsində Ankaranın gözləntiləri və həssas mövqeyi Rusiya tərəfinə açıq şəkildə çatdırılıb.
Bu çərçivədə mütəşəkkil cinayət təşkilatının rəhbəri olduğu iddia edilən “Can Dalton” ləqəbli Beratcan Gökdəmir başda olmaqla, barələrində Türkiyə tərəfindən təhvil verilmə tələbi irəli sürülən digər şəxslərin ölkəyə qaytarılması ilə bağlı müraciətlər yenidən Rusiya rəsmilərinin diqqətinə təqdim olunub.
Ədliyyə naziri bildirib ki, Türkiyə hüquq-mühafizə və məhkəmə orqanları cinayət törətməkdə şübhəli bilinən şəxslərin harada olmalarından asılı olmayaraq onların məsuliyyətə cəlb edilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.
“Ədliyyə Nazirliyi olaraq, cinayətkarlar dünyanın harasına qaçsalar belə onların izinə düşməkdə davam edəcəyik. Vətəndaşlarımızın təhlükəsizliyinə və ictimai asayişə təhdid yaradan şəxslərin ədalət qarşısında cavab verməsi üçün qətiyyətlə çalışacağıq”, – deyə nazir vurğulayıb.
Müşahidəçilərin fikrincə, Türkiyə ilə Rusiya arasında imzalanan yeni əməkdaşlıq sənədi hüquqi yardım mexanizmlərinin genişləndirilməsi, ekstradisiya proseslərinin sürətləndirilməsi və transmilli cinayətkarlığa qarşı mübarizənin daha səmərəli təşkil olunması baxımından mühüm əhəmiyyət daşıyır.







