BAKI, TurkicWorld
İsrail hücumları nəticəsində Qəzzada minlərlə insan sığınacağa ehtiyac duyur.
TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, İsrail ordusunun Qəzzaya hücumları davam etdikcə, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) Qəzza şəhərindəki binası və ətrafı şimaldan gələn ailələr üçün sığınacaq yerinə çevrilib. Bu bölgədə çadırlarda məskunlaşan fələstinli ailələr su, qida və digər əsas ehtiyaclara çıxışda ciddi çətinliklər yaşayır.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin 7 oktyabr 2023-cü ildən bu yana davam edən hücumlarında həyatını itirənlərin sayı son 24 saatda 62 nəfər artaraq 50 min 144-ə çatıb. Eyni zamanda, 296 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, yanvarın 19-da razılaşdırılmış atəşkəsi pozan İsrail qüvvələri, martın 18-dən bəri keçirdiyi hücumlarda 792 fələstinlini öldürüb, 1663 nəfəri yaralayıb. Dağıntılar altında hələ də minlərlə insanın qaldığı ehtimal edilir.