Son dəqiqə

Fələstin Rəcəb Tayyib Ərdoğan Livan Sudan Qəzza Rəcəb Tayyib Ərdoğan çıxışları

Türk diasporu bütün maneələrə baxmayaraq güclü mövqeyə sahib olub - Ərdoğan

BAKI, TurkicWorld, Nailə Babazadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türk diasporu qarşılaşdığı çoxsaylı çətinliklərə baxmayaraq ayaqda qalmağı və bütün sahələrdə söz, təsir və iradə sahibi olmağı bacarıb.

TurkicWorld xəbər verir ki, bu fikirlər Prezident Ərdoğanın Prezident Sarayında keçirilən tədbirdə çıxışı zamanı səsləndirilib. O, dünyanın müxtəlif bölgələrində yaşayan 7 milyondan çox Türkiyə vətəndaşına salam və sevgilərini çatdıraraq, soydaş və qohum icmalarla mənəvi bağların önəmini vurğulayıb.

Ərdoğan çıxışında Qəzza, Fələstin, Livan, Sudan və digər bölgələrdə yaşanan humanitar böhranlara diqqət çəkərək, xüsusilə Qəzzada 2 milyondan çox fələstinlinin ağır şəraitdə yaşamaq uğrunda mübarizə apardığını qeyd edib. O, İsrailin hücumlarını insanlığa zidd adlandırıb və İslam aləmi üçün həmrəylik çağırışı edib.

Suriya xalqının 14 illik mübarizədən sonra ölkəni yenidən ayağa qaldırmaq üçün ciddi səylər göstərdiyini bildirən Türkiyə Prezidenti, qlobal miqyasda artan qeyri-müəyyənlik fonunda birlik və qardaşlığın daha da vacib olduğunu vurğulayıb.

Prezident Ərdoğan çıxışında Uluslararası Demokratlar Birliyinin fəaliyyətinə də toxunub. O bildirib ki, birlik Avropanın 17 ölkəsində fəaliyyət göstərərək, xaricdə yaşayan türklərin siyasi, sosial və iqtisadi həyatda fəal iştirakına mühüm töhfələr verir. Diasporun assimilyasiyaya uğramadan yaşadıqları cəmiyyətlərə inteqrasiya etməsinin vacibliyini qeyd edən Ərdoğan, birliyin bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirib.

Ərdoğan vurğulayıb ki, xaricdəki türk icmalarının bu günkü mövqeyə gəlməsi asan olmayıb, onlar illər boyu ayrı-seçkilik, irqçilik və düşmənçiliklə üzləşiblər. Buna baxmayaraq, diaspor nümayəndələrinin əzm və sədaqətlə mübarizə apardığını qeyd edib.

Mövzuya görə xəbərlər