BAKI, TurkicWorld , Nailə Babazadə
Somali Federal Respublikası ölkənin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün müzakirə mövzusu olmadığını vurğulayaraq, Somalilandı tanıyan İsrailə sərt reaksiya göstərib.
TurkicWorld xəbər verir ki, Somali Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin yaydığı yazılı açıqlamada Somalinin suverenliyinin, milli birliyinin və ərazi bütövlüyünün Somali Federal Respublikasının Müvəqqəti Konstitusiyası, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi və Afrika Birliyinin Təsis Aktı ilə təminat altına alındığı qeyd olunub.
Açıqlamada İsrailin Somalinin şimalına dair tanıma mənası daşıyan bu addımının Somalinin suverenliyinə qarşı hüquqa zidd bir cəhd olduğu bildirilib və bu addımın qəti şəkildə rədd edildiyi vurğulanıb.
Somalilandın Somali Federal Respublikasının suveren ərazilərinin ayrılmaz və ötürülməz bir hissəsi olduğu xüsusi olaraq qeyd edilib.
Somalinin vahid və bölünməz bir suveren dövlət olduğuna diqqət çəkilən açıqlamada, heç bir xarici tərəfin ölkənin birliyini və ya ərazi quruluşunu dəyişdirmək səlahiyyəti və ya legitimliyinin olmadığı bildirilib.
Açıqlamada Somalinin birliyi, idarəetməsi və konstitusion quruluşu ilə bağlı bütün məsələlərin yalnız Somali xalqının səlahiyyətində olduğu, bu problemlərin yalnız hüquqa uyğun və dinc yollarla həll edilə biləcəyi vurğulanıb.
Fələstin xalqının öz müqəddəratını təyin etmək hüququ başda olmaqla, legitim hüquqlarına prinsipial dəstəyin bir daha təsdiqləndiyi açıqlamada işğal və zorla köçürmə kimi praktikaların rədd edildiyi bildirilib.
Fələstin xalqının vətəndaşlıqdan məhrum edilməsinin qəbuledilməz olduğu da açıqlamada yer alıb.
Ölkə ərazisində xarici hərbi bazaların qurulmasına və ya Somalini vekalət müharibələrinə sürükləyəcək hər hansı razılaşmaya icazə verilməyəcəyi vurğulanıb. Belə addımların Afrika Buynuzu, Qırmızı dəniz və Ədən körfəzi ətrafında sülh və sabitliyi təhdid etdiyi, Əş-Şəbab və İŞİD kimi terror təşkilatlarının bundan faydalana biləcəyi barədə xəbərdarlıq edilib.
Açıqlamada beynəlxalq ictimaiyyətlə qarşılıqlı hörmət və beynəlxalq hüquqa bağlılıq əsasında münasibətlərin davam etdiriləcəyi bir daha vurğulanıb.
Somalidə mərkəzi dövlət quruluşunun 1991-ci ildən sonra zəiflədiyi, bu dövrdə Somaliland bölgəsinin birtərəfli şəkildə müstəqillik elan etdiyi xatırladılıb, lakin bu qərarın beynəlxalq ictimaiyyət tərəfindən tanınmadığı qeyd olunub.
İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl Somalilandı “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını açıqlamışdı. Bu qərarla İsrail Somalilandı tanıyan ilk ölkə olub.
Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz bir hissəsi hesab etdiyini və bölgə ilə bağlı istənilən birtərəfli tanıma və ya razılaşmanı suverenliyinə açıq hücum kimi qiymətləndirdiyini dəfələrlə bəyan etmişdi.







