BAKI, TurkicWorld, Orxan Qədirzadə
İsrailin Baş naziri Benyamin Netanyahu bazar ertəsi ABŞ-də Prezident Donald Tramp ilə görüşəcək.
TurkicWorld xəbər verir ki, İsrailli rəsminin AFP-yə verdiyi məlumata görə, görüş Florida ştatında baş tutacaq və regional təhlükəsizlik məsələləri ilə yanaşı Qəzza zolağında atəşkəs prosesinin növbəti mərhələləri müzakirə olunacaq.
Bu səfər Netanyahunun cari il ərzində Tramp ilə ABŞ-də keçirəcəyi beşinci görüş olacaq. Səfər, ABŞ administrasiyası və regional vasitəçilərin İsrail ilə HƏMAS arasında Qəzza üzrə əldə olunmuş kövrək atəşkəs razılaşmasının ikinci mərhələsinə keçidi təşviq etdiyi bir vaxta təsadüf edir.
İsrailli rəsmi bildirib ki, Netanyahu dekabrın 28-də ABŞ-yə yola düşəcək və bir gün sonra Tramp ilə görüşəcək. Görüşün dəqiq məkanı açıqlanmayıb. Tramp isə dekabrın ortalarında jurnalistlərə verdiyi açıqlamada Netanyahunun Milad bayramı günlərində Floridada onunla görüşmək istədiyini bildirmişdi.
İsrailin “Yedioth Ahronoth” nəşrinin yazdığına görə, danışıqlarda İran, İsrail–Suriya təhlükəsizlik mexanizmləri, Livandakı Hizbullah ilə atəşkəs və Qəzza razılaşmasının növbəti mərhələləri əsas mövzular olacaq.
Qəzza ilə bağlı danışıqlar ekspertlər tərəfindən “kritik” qiymətləndirilir. İsrail–Fələstin dialoqlarında qeyri-rəsmi kanallarda iştirak etmiş “İki Dövlət üçün Alyans” platformasının nümayəndəsi Gerşon Baskinin fikrincə, atəşkəsin birinci mərhələsi faktiki olaraq başa çatıb və yalnız bir israilli girovun taleyi açıq qalır.
Onun sözlərinə görə, ikinci mərhələnin gecikməsi HƏMAS-ın Qəzzada mövqelərini yenidən bərkitməsinə imkan yaradıb ki, bu da Vaşinqton üçün arzuolunan ssenari deyil. ABŞ-ın vasitəçiliyi ilə əldə olunan razılaşmanın növbəti mərhələsində İsrail qüvvələrinin Qəzzadan çəkilməsi, HƏMAS-ın əvəzinə müvəqqəti texnokrat idarəetmə mexanizminin qurulması və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulur. Razılaşmada həmçinin HƏMAS-ın silahları təhvil verməsi bəndi yer alır ki, bu da əsas mübahisə nöqtələrindən biri olaraq qalır.
ABŞ-ın “Axios” nəşrinin məlumatına görə, Tramp–Netanyahu görüşü razılaşmanın növbəti mərhələlərinin irəlilədilməsi baxımından həlledici hesab olunur. Ağ Ev rəsmilərinə istinadən bildirilir ki, Vaşinqton Qəzza üçün texnokrat Fələstin hökumətinin və beynəlxalq sabitləşdirmə qüvvələrinin yaradılmasını mümkün qədər tez elan etmək niyyətindədir. Eyni zamanda ABŞ administrasiyasında Netanyahunun atəşkəs prosesini zəiflədən addımlarından narazılığın artdığı da qeyd olunur.
London mərkəzli Chatham House analitiki Yossi Mekelberqin fikrincə, ABŞ administrasiyasının Netanyahudan narazılığı getdikcə açıq şəkildə hiss olunur və ikinci mərhələ hazırda faktiki olaraq dalana dirənib.
Analitiklər bildirirlər ki, görüşün gündəmində Qəzza məsələsi mühüm yer tutsa da, Netanyahunun əsas diqqəti İranın nüvə və ballistik imkanlarının bərpası ehtimalına yönəltməsi gözlənilir. İyunda İsrailin İrana qarşı həyata keçirdiyi hərbi zərbələr və buna cavab olaraq Tehranın raket və pilotsuz uçuş aparatları ilə cavab verməsi regionda gərginliyi daha da artırıb.
Ekspertlərin qənaətinə görə, İsraildə seçki ilinin yaxınlaşması fonunda Netanyahu bu görüşdə daxili siyasi mövqelərini qorumağa və diqqəti Qəzzadan İrana yönəltməyə çalışa bilər.







