BAKI, TurkicWorld
Özdemir Bayraktar Türkiyənin müdafiə və aviasiya sənayesində milli texnologiyaların formalaşmasına mühüm töhfələr vermiş mühəndis, sənayeçi və təşəbbüskar kimi tanınır. O, Türkiyənin ilk yerli və milli silahlı/insansız hava aparatları olan Bayraktar TB2 və Bayraktar AKINCI platformalarının əsas konstruktiv ideya müəllifi və dizayneridir. Ölümünədək Baykar şirkətinin İdarə Heyətinin sədri vəzifəsini icra edib.
Həyatı və təhsili
Özdemir Bayraktar 1949-cu ildə İstanbulun Sarıyer rayonunun Garipçe kəndində, əsli Trabzonun Sürmənə bölgəsindən olan balıqçı Lütfi Reis’in oğlu olaraq dünyaya gəlib. Orta təhsilini Kabataş Liseyində başa vurduqdan sonra 1967-ci ildə İstanbul Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1972-ci ildə ali təhsilini uğurla başa vurub.
Universiteti bitirdikdən sonra iki il müddətində İTÜ-də Daxiliyanma Mühərrikləri kafedrasında elmi tədqiqatçı-assistent kimi fəaliyyət göstərib və bu dövrdə daxiliyanma mühərrikləri üzrə magistratura səviyyəsində ixtisaslaşma aparıb.
Peşəkar fəaliyyəti və sənaye təcrübəsi
Özdemir Bayraktar Türkiyənin sənaye sektorunda aparıcı rol oynayan bir sıra müəssisələrin – Burdur Traktor, İstanbul Segman, Uzel və digər sənaye obyektlərinin qurulması və yeni investisiya mərhələlərində texniki rəhbər və mühəndis kimi çalışıb. Onun fəaliyyəti əsasən istehsal texnologiyalarının lokallaşdırılması və mühəndislik həllərinin tətbiqi ilə seçilib.
1984-cü ildə avtomobil və maşınqayırma sənayesində yerli istehsalın inkişafına töhfə vermək məqsədilə Baykar Makina şirkətinin qurucuları sırasında yer alıb. Şirkətin ilk mərhələsində cəmi bir dəzgahla başlayan istehsal prosesi sonradan yüksək dəqiqlikli mexaniki emal və mühəndislik texnologiyalarını əhatə edən geniş sənaye strukturuna çevrilib.
Milli SİHA proqramlarının memarı
Özdemir Bayraktar Baykar şirkətinin milli və yerli İnsansız Hava Aparatları (İHA/SİHA) texnologiyalarına keçidində həlledici rol oynayıb. O, bu sahədə aparılan bütün əsas layihələrdə konsepsiya, dizayn, prototiplərin hazırlanması, istehsal və investisiya planlaşdırılması mərhələlərində birbaşa iştirak edib.
2005–2009-cu illərdə Türkiyə Silahlı Qüvvələri üçün hazırlanmış ilk Bayraktar Mini İHA layihəsinin tədqiqat və sınaq mərhələlərinə şəxsən rəhbərlik edib. Bu dövrdə layihə çərçivəsində Cənub-Şərqi Anadolu bölgəsində hərbi hissələrlə birgə praktiki sınaqlar həyata keçirilib.
Baykar tərəfindən hazırlanmış bütün milli və yerli məhsulların texniki dizaynları onun mühəndislik baxışını əks etdirib. Xüsusilə Bayraktar TB2 və Bayraktar AKINCI TİHA platformaları onun mühəndislik üslubunu və texnoloji yanaşmasını daşıyan əsas layihələr hesab olunur.
Özdemir Bayraktar İstanbul Universitetinin İqtisadiyyat fakültəsinin məzunu, Türkiyə Sənaye İnkişaf Bankında proqramçı kimi çalışan Canan Bayraktar ilə ailə həyatı qurub. Bu evlilikdən Haluk, Selçuk və Ahmet Bayraktar adlı üç övladı dünyaya gəlib.
Özdemir Bayraktar şəxsi pilot sertifikatına malik idi. O, “Milli Texnologiya Hərəkatı” ideyasının əsas ideoloqlarından biri kimi tanınıb və bütün fəaliyyəti boyunca texnoloji müstəqillik prinsipinə sadiq qalıb.
Mükafatları
2021-ci ildə Bayraktar TB2 SİHA-larının Qarabağın işğaldan azad olunmasına verdiyi töhfəyə görə Özdemir Bayraktar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Qarabağ” ordeni ilə təltif edilib.
18 oktyabr 2021-ci ildə vəfat edən Özdemir Bayraktar Türkiyənin müdafiə və aviasiya sənayesində milli texnologiyaların əsasını qoymuş simalardan biri kimi tarixə düşüb.







