BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyədə 2026-cı ilin ilk Milli Təhlükəsizlik Şurası iclasında regional və qlobal təhlükəsizlik məsələləri müzakirə edilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrliyi ilə keçirilən Milli Təhlükəsizlik Şurasının (MGK) iclası başa çatdıqdan sonra 9 maddədən ibarət rəsmi bəyanat yayılıb. Təxminən üç saat davam edən iclasda 2025-ci ildə milli təhlükəsizlik baxımından mühüm hadisələr təhlil edilib, 2026-cı il üçün görüləcək tədbirlər müzakirə olunub.
Bəyanatda PKK/KCK, PYD/YPG, FETÖ və İŞİD daxil olmaqla bütün terror təşkilatlarına qarşı ölkə daxilində və xaricində aparılan qətiyyətli mübarizənin davam etdiriləcəyi vurğulanıb. “Terrorsuz Türkiyə” hədəfi istiqamətində əldə olunan mərhələlər dəyərləndirilib və bu kursun dəyişməz olduğu bildirilib.
Şurada Suriyanın ərazi bütövlüyü, suverenliyi və siyasi birliyinin təmin olunmasına Türkiyənin dəstəyinin davam edəcəyi qeyd olunub. Eyni zamanda Qəzzadakı humanitar vəziyyət, atəşkəsin gələcəyi və Türkiyənin beynəlxalq humanitar yardım səylərində fəal rol oynamağa hazır olduğu bəyan edilib.
İclasda İranla bağlı mövcud regional proseslər də geniş müzakirə edilib, bu ölkədə sabitliyin və təhlükəsizliyin bölgə üçün mühüm əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Rusiya–Ukrayna müharibəsinin Qara dənizdə sabitliyə mümkün təsirləri qiymətləndirilib və münaqişənin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb.
Bəyanatın yekununda Türkiyənin Asiya, Afrika və Avropanı əhatə edən geniş coğrafiyada sülh və sabitliyin qorunması məqsədilə həyata keçirdiyi çoxşaxəli fəaliyyətləri 2026-cı ildə də qətiyyətlə davam etdirəcəyi bildirilib.






