Son dəqiqə

İsrail Qəzza Qəzza humanitar böhranı Nasır Tibb Kompleksi

Generatorların dayanması uşaqların ölümünə səbəb olacaq - Nasır Tibb Kompleksinin direktoru

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində yerləşən Nasır Tibb Kompleksinin direktoru doktor Atif əl-Hut, yanacaq çatışmazlığı səbəbindən xəstəxananın bütün xidmətlərinin dayanmaq təhlükəsi ilə üz-üzə qaldığını açıqlayıb.

TurkicWorld xəbər verir ki, şənbə günü "Al Jazeera Mubasher"ə müsahibə verən direktor bildirib ki, generatorlar üçün lazım olan yanacaq və sürtkü yağlarının tükənməsi xəstəxanada fəaliyyəti iflic həddinə çatdırıb. Atif əl-Hutun sözlərinə görə, İsrail tərəfi məhdud miqdarda yanacaq buraxsa da, mühərrik yağlarının daxil olmasına tam qadağa qoyub. Bu isə iki ildən artıqdır fasiləsiz işləyən və artıq sıradan çıxmaqda olan generatorların hər an dayanması deməkdir.

Vəziyyətin ağırlığı ilə əlaqədar xəstəxana rəhbərliyi elektrik enerjisindən istifadəyə sərt məhdudiyyətlər tətbiq etməyə məcbur olub. Gecə saatlarında reanimasiya və cərrahiyyə şöbələrində kondisionerlər söndürülür, kompüter tomoqrafiyası kimi həyati vacib xidmətlər dayandırılır. Doktor vurğulayıb ki, generatorların fəaliyyətinin tam dayanması süni tənəffüs aparatlarına bağlı olan xəstələr və uşaqlar üçün birbaşa "ölüm hökmü" mənasına gəlir.

Hazırda kompleksdə olan 4 generatordan yalnız 3-ü istismar müddətini keçmiş vəziyyətdə çalışır, dördüncüsü isə yanacaq yoxluğu səbəbindən artıq dayanıb. Xəstəxananın fəaliyyətini davam etdirməsi üçün ayda ən azı 900 litr sürtkü yağına ehtiyacı var. Nasır Tibb Kompleksinin direktoru beynəlxalq birliyə müraciət edərək, Qəzzanın cənubunda demək olar ki, yeganə tam funksional tibb müəssisəsi olan bu mərkəzin xilas edilməsi üçün təcili müdaxiləyə çağırıb.

Mövzuya görə xəbərlər