BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Genişləndirilmiş Vilayət Başçıları Toplantısında çıxış edərək, Yaxın Şərqdə 28 fevraldan bəri davam edən qanlı münaqişələrə dair dünya ictimaiyyətinə mühüm mesajlar ünvanlayıb.
TurkicWorld xəbər verir ki, dövlət başçısı bölgədəki humanitar fəlakətin miqyasını vurğulayaraq, İsrailin hərbi fəaliyyətlərini sərt tənqid edib.
Prezident Ərdoğan İsrailin İrana qarşı başlatdığı müharibənin regionu böyük bir fəlakətə sürüklədiyini bildirib:
Türkiyə lideri qeyd edib ki, İsrailin təxribatları ilə başlayan bu müharibə regionu qan və barıt qoxusuna boğmaqda davam edir.
Ərdoğanın sözlərinə görə, "gözünü nifrət bürümüş soyqırım şəbəkəsi" hərbi cinayətləri ört-basdır etmək üçün dini arqumentlərdən istifadə edir.
Heç bir günahı olmayan uşaqların məktəb sıralarında bombaların hədəfi olması son əsrin ən ağrılı səhifəsi kimi xarakterizə edilib.
Ərdoğan müsəlman dünyasının birliyini və kədərin ortaq olduğunu ifadə edib.
"Harada olursa olsun, amansızca öldürülənlər bizim qardaşlarımızdır. Son nəfəslərini məktəb sıralarında verən uşaqlar bizim övladlarımızdır. Övlad acısı ilə ürəkləri Kərbəlaya dönən qadınlar bizim analarımızdır. Bombaların xarabalığa çevirdiyi şəhərlər bizim şəhərlərimizdir." - Ərdoğan deyib.
Prezident vurğulayıb ki, qırğın törədənlər üçün insanların fərdi kimliyi və ya adı əhəmiyyət kəsb etmir.
"Qətliam şəbəkəsinin gözündə adımızın Əli, Mürtəza, Ömər, Ayşə, Zeynəb, Həsən və ya Hüseyn olmasının nə fərqi var?" - deyən Ərdoğan, hədəfin bütün regionun sabitliyi olduğunu qeyd edib.







