BAKI,TurkicWorld, Fərid Mikayılov
ABŞ Prezidenti Donald Tramp, İsrailin Somalilandı müstəqil dövlət kimi tanımasından sonra Vaşinqtonun hələlik eyni addımı atmağa hazır olmadığını bildirib.
TurkicWorld xəbər verir ki, Tramp deyib ki, İsrailin Baş naziri Benyamin Netanyahunun atdığı addımı dərhal təkrarlamaq niyyətində deyil.
O, Somalilandın müstəqilliyinin tanınması məsələsinin hazırda araşdırıldığını vurğulayıb.
“Hər şey araşdırma mərhələsindədir. Bu məsələ üzərində işləyəcəyik. Bir çox mövzunu nəzərdən keçiririk və möhtəşəm qərarlar qəbul edirik” - deyə Tramp bildirib.
ABŞ Prezidenti “Somalilandı doğrudan da tanıyan varmı?” sualını səsləndirərək, tanınma qərarının bu mərhələdə verilməyəcəyini açıqlayıb. Somalilandın strateji əhəmiyyətə malik Aden körfəzində liman təklif etməsi ilə bağlı suala isə Trampın “Nə böyük hadisə!” deyə istehzalı cavab verdiyi qeyd olunub.
Tramp avqust ayında verdiyi açıqlamada Somalilandın tanınması ehtimalını nəzərdən keçirdiklərini bildirmişdi. O zaman ABŞ Prezidenti bu məsələnin mürəkkəb olduğunu, lakin araşdırıldığını demişdi.
Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dünən Somaliland bölgəsini “müstəqil və suveren dövlət” kimi tanıdıqlarını elan edib. Bununla da İsrail Somalilandı rəsmi şəkildə tanıyan ilk ölkə olub.
Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan etsə də, indiyədək beynəlxalq ictimaiyyət tərəfindən müstəqil dövlət kimi tanınmayıb. Somali hökuməti isə Somalilandı ölkənin ayrılmaz hissəsi hesab edir və bölgə ilə bağlı beynəlxalq razılaşmaların yalnız Moqadişu rəhbərliyinin səlahiyyətində olduğunu vurğulayır.
İsrailin tanıma qərarından sonra Somalilandın paytaxtı Hargeisada kütləvi qeyd etmələr keçirilib. Şəhər meydanında toplaşan insanlar iştirak edib, muzey binasına İsrail bayrağı əks etdirilib.
İsrail mediasında yer alan şərhlərə görə, Netanyahunun Somalilandla maraqlanmasının əsas səbəblərindən biri bölgənin Yəmənə və husilərə yaxın strateji mövqeyidir. Bildirilir ki, MOSSAD uzun illərdir bölgədə fəaliyyət göstərir.







