Almaniya mobil telefon istifadəsi məktəbdə telefon qadağası

Almaniyada məktəblərdə mobil telefon qadağası gündəmdədir

BAKI,TurkicWorld

Almaniyanın Hessen əyalət hökuməti məktəblərdə şagirdlərin smartfon istifadəsini qadağan etməyi planlaşdırır.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, Xristian Demokratik Birlik (CDU) və Sosial Demokrat Partiyası (SPD) tərəfindən təqdim olunan qanun layihəsi əyalət parlamentində müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, smartfonlarla yanaşı ağıllı saatlar və planşetlərin istifadəsi də qadağan ediləcək. Orta məktəblərdə isə yalnız müəyyən ərazilərdə istifadəyə icazə veriləcək. İbtidai siniflərdə isə cihazlardan yalnız müəllimin icazəsi ilə dərs məqsədilə istifadə edilə biləcək.

Məktəb rəhbərliyi icazəsiz istifadə hallarında cihazları gün sonuna qədər müsadirə edə biləcək. Bununla belə, şagirdlərin mobil telefonları məktəbə gətirməsi tamamilə qadağan olunmayacaq və fövqəladə hallarda istifadəyə icazə veriləcək.

Qeyd edək ki, əgər qanun layihəsi təsdiqlənərsə, yeni qaydalar 2025-ci ilin avqustunda qüvvəyə minəcək. Hazırda Almaniyada yalnız Bavariya ştatı bu cür sərt qaydalar tətbiq edib, Baden-Vürtemberq əyaləti isə oxşar məhdudiyyətlər üzərində çalışır.

Mövzuya görə xəbərlər