Bakı, TurkicWorld
Kanadada ABŞ prezidenti Donald Trampın baş müşaviri İlon Maskın “ölkənin milli maraqlarına zidd fəaliyyət göstərdiyi” iddiası ilə vətəndaşlığından məhrum edilməsi üçün petisiya başladılıb.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, minlərlə kanadalı tərəfindən imzalanan bu petisiya yazıçı Qualia Rid tərəfindən irəli sürülüb və Yeni Demokratik Partiyasının (NDP) deputatı Çarli Anqusun dəstəyi ilə geniş rezonans doğurub.
Sənəddə baş nazir Castin Trüdoya çağırış edilərək, Cənubi Afrika əsilli Maskın anası vasitəsilə sahib olduğu Kanada vətəndaşlığının ləğv edilməsi tələb olunur. Petisiya müəllifləri Maskın “Kanadanın milli maraqlarına zidd fəaliyyətlərlə məşğul olduğunu” və “sərvətindən və gücündən istifadə edərək Kanada seçkilərinə təsir etməyə çalışdığını” iddia edirlər.
Bundan əlavə, müraciətdə Maskın “Kanadanın suverenliyini silməyə çalışan xarici hökumətin üzvü” olduğu irəli sürülür.
50 mindən çox insanın imzaladığı petisiya iyunun 20-də İcmalar Palatasına təqdim ediləcək.






