Bakı, TurkicWorld
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın şimal-qərbində yerləşən Diriyahda keçirilən görüş 2022-ci ilin fevralında Ukrayna müharibəsinin başlamasından bəri ABŞ və Rusiya arasında ilk yüksək səviyyəli diplomatik təmas olub.
TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu təşəbbüs, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın himayəsi altında baş tutub.
Şahzadənin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında Krallıq, dünyada sülh və təhlükəsizliyi təşviq etmək məqsədilə ABŞ və Rusiya arasında vasitəçilik etməyə hazır olduğunu bir daha bəyan edib.
Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və Rusiya xarici işlər naziri Sergey Lavrov iştirak ediblər. Onlara Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan və Krallığın milli təhlükəsizlik müşaviri Musaid əl-Ayban müşayiət edib.
Müzakirələr zamanı diplomatik missiya əməkdaşlarının geri qaytarılması və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələlərində razılıq əldə olunub. Hər iki tərəf görüşü "məhsuldar" və "irəliyə atılmış mühüm addım" kimi qiymətləndirib.
ABŞ Dövlət Departamentinin verdiyi məlumata görə, Rubio və Lavrov Ukraynadakı müharibəyə son qoymaq üçün danışıqlar aparacaq xüsusi komandalar təyin etmək barədə razılığa gəliblər.
Bu görüş, Vaşinqton və Moskva arasındakı buzları əridən ilk real diplomatik addım kimi qiymətləndirilir və gələcəkdə sülh danışıqlarına dair daha geniş müzakirələrin əsasını qoya bilər.