Son dəqiqə

İsrail Qəzza zolağı Benyamin Netanyahu Doha

Dohada atəşkəsin birinci mərhələsi gündəmdədir

Bakı, TurkicWorld

İsrailin danışıqlar qrupu Qəzza zolağında atəşkəs və məhbus mübadiləsi razılaşmasının birinci mərhələsinin həyata keçirilməsini müzakirə etmək üçün sabah Qətərin paytaxtı Dohaya səfər edəcək.

TurkicWorld xəbər verir ki,İsrail Baş Nazirlik Ofisinin yaydığı açıqlamaya görə, baş nazir Benyamin Netanyahu danışıqlar qrupuna Dohaya getməyi tapşırıb.

Bildirilib ki, Netanyahu bu qərarı ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff ilə koordinasiyada qəbul edib və nümayəndə heyəti məhz müqavilənin birinci mərhələsinin icrası ilə bağlı müzakirələr aparacaq.

Məlumatda qeyd edilib ki, Dohaya gedən İsrail nümayəndə heyəti sazişin ikinci mərhələsini müzakirə etmək üçün kabinetin qərarını gözləyəcək.

Baş Nazirlik Ofisi Netanyahu ilə Vitkoff arasında görüş keçirildiyini və İsrail Nazirlər Kabinetinin atəşkəs və məhbus mübadiləsi razılaşmasının ikinci mərhələsini müzakirə etmək üçün sabah toplanacağını açıqlayıb.

Qeyd edək ki, HƏMAS və İsrail arasında əldə edilən atəşkəs və məhbus mübadiləsi razılaşmasına əsasən, ikinci mərhələ birinci mərhələnin qüvvəyə minməsindən 16 gün sonra, yəni fevralın 3-də başlamalı idi.

Fevralın 2-də Dohaya nümayəndə heyətinin göndərilməsini təxirə salan İsrail, ikinci mərhələ üzrə danışıqların Netanyahu ilə Vitkoff arasında Vaşinqtonda keçiriləcək görüşlə başlanacağını bildirmişdi. Daha sonra Vitkoffun digər vasitəçi ölkələrin – Qətər və Misirin rəsmiləri ilə görüşəcəyi açıqlanmışdı.

İsrailin danışıqlar qrupu fevralın 8-də Dohaya səfər etsə də, onlara ikinci mərhələ ilə bağlı müzakirələr aparmaq səlahiyyəti verilməyib.

İsrail baş naziri Netanyahu danışıqların ikinci mərhələsini sabotaj etməkdə ittiham olunur.

Mövzuya görə xəbərlər