Bakı, TurkicWorld
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq cəhdlərinə görə məhkəməyə verilib.
TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, həmkarlar ittifaqları və federal işçiləri təmsil edən qurumlar Tramp administrasiyasının USAID-in fəaliyyətini dayandırmaq planına qarşı çıxaraq Vaşinqtondakı federal məhkəmədə iddia qaldırıblar.
Məhkəmə iddiasında Tramp, Dövlət Katibi Marko Rubio, Maliyyə Naziri Skot Bessent, USAID, Dövlət Departamenti və Xəzinədarlıq Departamenti cavabdeh kimi göstərilib.
USAID-in dərhal fəaliyyətini bərpa etməsi, internet resurslarına girişin açılması və işçilərin inzibati məzuniyyətə göndərilməsinin dayandırılması tələb olunub.
Xatırladaq ki, Tramp administrasiyası USAID-in 10.000-dən çox olan işçi sayını təxminən 300-ə endirməyi planlaşdırır, qalan işçi heyətinin isə yalnız səhiyyə və humanitar yardım sahəsində ekspertlərdən ibarət olacağı bildirilir.
Bununla bağlı Tramp yanvarın 21-də xarici yardımla bağlı sərəncam imzalayaraq, bütün nazirlik və agentliklərin xarici ölkələrə ödənişlərini dayandırmasını tələb edib.
Yanvarın 27-də isə ABŞ Dövlət Departamenti və USAID tərəfindən maliyyələşdirilən bütün xarici yardım proqramlarının dayandırıldığı açıqlanıb. Elon Musk da USAID-in sosial media hesablarının bağlandığını və işçilərin inzibati məzuniyyətə göndərildiyini açıqlayıb.







