Bakı, TurkicWorld
ABŞ-li iş adamı İlon Mask qarşıdakı 10 il ərzində milyonlarla insanın "Neuralink" beyin çipindən istifadə edəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, milyarder bu barədə özünün "X" hesabında yazıb.
"Əgər hər şey qaydasında gedərsə, bir neçə il ərzində yüzlərlə insan "Neuralink"ə sahib olacaq, 5 il ərzində onminlərlə, 10 il ərzində isə milyonlarla insan bu imkandan istifadə edə biləcək", - İlon Mask qeyd edib.
Xatırladaq ki, "Neuralink" startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və nəticədə insan beyninə implantasiya oluna biləcək çiplər hazırlayır.
Biznesmen hesab edir ki, bu cür neyron interfeyslər insanlara düşüncə gücündən istifadə edərək kompüteri birbaşa idarə etməyi öyrənməyə yardımçı olacaq.