Bakı, TurkicWorld
ABŞ-li iş adamı İlon Mask "Telegram" messencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı Fransa prezidenti Emmanuel Makrona müraciət edib.
TurkicWorld bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, X sosial şəbəkəsində dərc olunan mesajda prezidentin insanlara həbsin səbəblərini izah etməsi istənilib.
O, hadisə ilə əlaqədar Fransaya qarşı bütün ittihamların yalan olduğunu və Parisin "söz azadlığı prinsipinə sadiq qaldığını" bildirən Makronun iddialarını belə şərh edib.
"Durovun niyə həbs edildiyi barədə dünya ictimaiyyətinin daha ətraflı məlumat əldə etməsi faydalı olardı", - Mask yazıb.
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.
Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.
Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.