Bakı, TurkicWorld
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birlikdə hərtərəfli müalicəyə ehtiyac duyan xərçəng xəstələri də daxil olmaqla 85 xəstə və ağır yaralı fələstinlinin İsrailin Ramon hava limanından Əbu-Dabiyə təxliyəsi üçün təcili təşəbbüs elan edib.
Bu barədə TurkicWorld -ə BƏƏ-nin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Qeyd edilib ki, bu təşəbbüs BƏƏ-nin fəlakətli vəziyyət fonunda Qəzzadakı Fələstin xalqını dəstəkləməkdə qətiyyətli olduğunu bir daha təsdiqləyir.
BƏƏ-nin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Reem Əl Haşimi bildirib ki, bu təşəbbüs BƏƏ-nin Fələstin xalqına göstərdiyi davamlı və tarixi dəstəyin sübutudur. Nazir vurğulayıb ki, BƏƏ bu günə qədər Qəzzadan olan 709 pasienti onların 787 ailə üzvü ilə birlikdə müalicə almaq üçün qəbul edib. Bu, BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Qəzzadan olan 2000 yaralı və xərçəng xəstəsinə qayğı göstərmək göstərişləri əsasında həyata keçirilib.