BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza zolağında laboratoriyalar və qan bankları əsas tibbi ləvazimat çatışmazlığı səbəbindən fəaliyyətlərini tam dayandırmaq təhlükəsi ilə üz-üzədir.
TurkicWorld xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyinin rəhbərlərindən biri Sahar Qənəm bildirib ki, laboratoriya materiallarının çatışmazlığı 87 faizə çatıb, tibbi analizlər üçün zəruri olan vasitələr üzrə isə 74 faiz həcmində çatışmazlıq yaranıb.
Onun sözlərinə görə, köhnəlmiş laboratoriya avadanlıqlarının tez-tez sıradan çıxması vəziyyəti daha da ağırlaşdırır və xəstələrin, eləcə də yaralıların müayinə imkanlarını məhdudlaşdırır.
Sahar Qənəm zəruri tibbi ləvazimatların təmin edilməsi üçün təcili müdaxilə çağırışı edib. O bildirib ki, mövcud “faciəvi” çatışmazlıq səviyyəsində tibbi xidmətlərin davam etdirilməsi mümkün deyil.
Qeyd olunub ki, bu böhran İsrail hücumları və humanitar yardım daşımalarına tətbiq edilən məhdudiyyətlər nəticəsində Qəzzanın səhiyyə sisteminin ağır vəziyyətə düşdüyü bir dövrdə yaşanır.







