BAKI,TurkicWorld,Yusif Şərifzadə
Amnesty International Livanın cənubunda həyata keçirilən və 24 mülki şəxsin ölümü ilə nəticələnən İsrail hava hücumları ilə bağlı müharibə cinayətləri üzrə araşdırma aparılmasına çağırıb.
TurkicWorld xəbər verir ki, beynəlxalq insan haqları təşkilatı mart ayında Livanın Tir, Sidon və Nəbatiyə rayonlarında baş verən üç hava hücumunu araşdırdığını açıqlayıb.
Təşkilatın məlumatına görə, martın 6, 12 və 13-də həyata keçirilən hücumlar nəticəsində aralarında 12 uşağın olduğu 24 mülki şəxs həlak olub. Ölənlər arasında altı qadın, o cümlədən hamilə qadın və altı kişi də olub. Daha azı 18 nəfərin yaralandığı bildirilib.
Amnesty International qeyd edib ki, apardığı araşdırma nəticəsində İsrail qüvvələrinin beynəlxalq humanitar hüququ pozmuş ola biləcəyinə dair əsaslar müəyyən edib.
Təşkilat iddia edir ki, hücumlar zamanı mülki şəxslərlə hərbi hədəflər arasında fərq qoyulmayıb, mülki obyektlərin qorunması üçün lazımi tədbirlər görülməyib və mümkün itkilərin azaldılması prinsipi pozulub.
Amnesty-nin Yaxın Şərq üzrə nümayəndəsi Kristine Bekkerle bildirib ki, bir həftə ərzində Livanda çoxsaylı ailələrin məhv olması mülki insanların həyatına hörmətsiz yanaşmanın göstəricisidir.
Təşkilat həmçinin ABŞ vasitəçiliyi ilə əldə olunan İsrail-Livan razılaşmasının mümkün hüquqi məsuliyyət proseslərinə mane ola biləcəyindən narahatlığını ifadə edib və Livanı Beynəlxalq Cinayət Məhkəməsinin öz ərazisində törədilən cinayətlərlə bağlı yurisdiksiyasını tanımağa çağırıb.







