Kanada Qəzza zolağına ən qısa zamanda humanitar yardım göndərməyi planlaşdırır

Kanada Qəzza zolağına ən qısa zamanda humanitar yardım göndərməyi planlaşdırır

Bakı. TurkicWorld:

Kanada Qəzza zolağına ən qısa zamanda humanitar yardım göndərməyi planlaşdırır.

TurkicWorld-un məlumatına görə, Kanadanın beynəlxalq inkişaf naziri Əhməd Hüseyn Qəzza zolağına humanitar yardımın ən qısa zamanda hava yolu ilə çatdırılması üçün çalışdıqlarını bildirib.

Hüseyn bildirib ki, Ottava Qəzza zolağında fələstinlilərə yardım çatdırmaq üçün yeni variantları araşdırır.

Nazir Hüseyn qeyd edib ki, Qəzza zolağına ən qısa zamanda hava yardımı edilməsi, İordaniya kimi bölgədəki digər ölkələrlə müzakirə mövzusudur.

Qeyd edək ki, İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.