Son dəqiqə

Ömər Muxtar

Ömər Muxtar kimdir?

Bakı,TurkicWorld

Liviyadakı dirənişin qabaqcıl nümayəndələrindən biri olan Ömər əl-Muxtar 1862-ci ildə, Liviyanın Dəfnə bölgəsində, Bətnan qəsəbəsində dünyaya gəlib. O, Liviyanın ən böyük ərəb qəbilələrindən biri olan Menifəyə mənsub Qays ailəsindəndir. Ömər əl-Muxtarın ilk müəllimi öz atası olub. Daha sonra təhsil üçün qardaşı Məhəmmədlə birlikdə Cağbub qəsəbəsindəki İslam elm mərkəzinə, Senusilərin Zenzur Zaviyəsinin şeyxi Seyid Hüseyn əl-Garyani əl-Şəmsinin yanına göndərildi. Atasının ölümündən sonra onun himayəsinə keçdi. Qardaşı ilə birlikdə burada səkkiz ilə yaxın müddətdə yüksək İslam təhsili aldı.

Bundan sonra Kasur bölgəsinin imamı seçilib. Bu bölgəni qısa zamanda Osmanlı idarəsinə yaxınlaşdırıb və buradakı ərəb qəbilələri arasında olan döyüşləri qısa zamanda sona çatdırıb. Eyni zamanda o vaxtlar Şimali Afrikada geniş yayılmış müstəmləkə işğalına qarşı İslami müqaviməti təbliğ edən Sənusi təriqətinə üzv olub.

Ömər Muxtarın Şeyx İdris Sənusinin müavini olaraq başladığı müqavimət, xüsusən də Dünya Müharibəsindən sonra tarixdə nadir görülən bir qəhrəmanlığı ehtiva edir.

Osmanlı dövlətinin zəifləməsindən istifadə edən İtaliya 1911-ci il oktyabrın 27-də, Osmanlı dövlətinin tərkibindəki Tripoli (Trablus) əyalətinə qoşun göndərdi. Bu hücuma qarşı, Ənvər Paşa, Mustafa Kamal Paşa, Süleyman Əsgəri və Kuşçubaşı Əşrəf kimi adlar yerli xalqla birlikdə güclü müqavimətə göstərdilər.

Bu prosesdə müqavimət o qədər uğurlu oldu ki, italyanlar bölgədəki türk zabitlərinin geri çəkilməsinə mane olmaq üçün Bosfor boğazını mühasirəyə almağa cəhd etdilər.

Balkan Döyüşlərinin ortaya çıxması nəticəsində bir çox mühüm zabit bölgədən çəkildi, lakin Tripoli ilə türklər arasındakı əlaqələr 1918-ci ilə qədər davam etdi.

Sonuncu türk zabiti yalnız Mudros barışığı ilə silahı yerə qoydu və italyanlara deyil, fransız qoşunlarına təslim olmağa üstünlük verdi.

Bu dövrdə Ömər Muxtar da bu hücumların qarşısını almaq üçün 1000 nəfərlik mücahidlərdən ibarət dəstə hazırladı. O könüllü əsgərləri ilə Ənvər Paşanın komandanlığı altında türk əsgərləri ilə birlikdə italyanlara qarşı çiyin-çiyinə vuruşdu.

Ömer Muhtar, Senûsî savaşçılarıyla birlikte.

İtaliya hərbi hakimiyyət orqanları işğalın 15 gün ərzində başa çatacağını hesablamışdı. Lakin, təxminən 20 il davam edən döyüşlərdə Ömər Muxtar və dəstəsi bir ovuc Osmanlı qüvvələri ilə birlikdə böyük müqavimət göstərdi.

Onu da qeyd edək ki, Ənvər Paşanın böyük qardaşı Nuri Paşa 1922-ci ildə müqavimətə silah çatdırmaq üçün Misirdə Ömər Muxtarla görüşdü, lakin onların bu cəhd uğurlu alınmadı.

27 fevral 1923-cü ildə Ömər Muxtar son hadisələri müzakirə etmək üçün bir heyətlə Misirə getdi. O, ərəb və İslam dünyasını yardıma çağırdı. Lakin onun yardım tələbinə müsbət cavab verilmədi. Bu əsnada Ömər əl-Muxtarın Misirə getdiyini öyrənən italyanlar buraya bir heyət göndərərək cihadı tərk edib Misirdə yaşamasını, bu təqdirdə ona malikanə ayrılacağını və maaş veriləcəyini bildirdilər. Ömər Muxtar buna cavab olaraq mübarizəni davam etdirməkdə qərarlı olduğunu bildirdi. Bu qətiyyətinə görə ona “səhra aslanı” adı verilmişdi. Ömər əl-Muxtar 23 aprel 1923-cü ildə geri dönərkən Əbyarulqubada italyanların hücumuna məruz qalmış, lakin xilas ola bilmişdi.
İtalyanlara esir düşen Ömer Muhtar.

Liviyada hələ işğal olunmamış şəhərləri ələ keçirmək üçün səbirsizlənən Mussolini 1925-ci ildə Emilio de Bononu Tripolinin müstəmləkə qubernatoru təyin etdi. Düşmən qüvvələri Ömər Muxtara dəstək verən şəhərlər ilə onun əlaqəsinin kəsilməsinə qərar verdi. Ömər Muxtarın komandanlığındakı qüvvələr ilə İtaliyanın işğalçı ordusu arasında toqquşmalar sürətləndi. Bunlardan birincisi çox sayda italyan əsgərinin əsir düşdüyü Rahibə şəhərində baş verdi. İkincisi isə Aqurətul-Mətmurada baş verdi. Ömə Muxtar bu döyüşdə mühüm adamlarından bəzilərini itirdiyi halda, italyanlara da böyük itkilər verdi.

İtaliya hökuməti Ömər Muxtarla 19-cu ilinə qədəm qoyan müharibənin qarşısını almaq üçün əməliyyat komandanlığına koloniyalarda yetişmiş komandirlərin ən təcrübəli və ən qəddarı olan general Qraziani’ni təyin etdi.

Heç bir hərbi məktəbdə oxumayan Qraziani rütbəsini döyüş meydanında qazandığı amansız uğurları nəticəsində qazanıb. Onun Berkaya gəlişindən bir neçə gün keçməmiş Liviya xalqı "Uçan Məhkəmələr" kimi tanınan "Səyyar Məhkəmələr"lə tanış oldu. Ömər əl-Muxtarın da mühakimə olunacağı bu məhkəmələr sürətli şəkildə qurulduğu üçün belə adlandırılmışdır. Bu məhkəmələrdə Müsəlmanlar ölümə və ya həbsə məhkum edilir, malları müsadirə edilirdi. Ən kiçik bir şübhə və böhtan əsasında verilən hökmlər nəticəsində iki ay ərzində çoxlu insan asılaraq və ya güllələnərək öldürülmüşdü.

Xalqla Ömər Muxtar arasında əlaqəni kəsmək istəyən Qraziani qadın, qoca, uşaq fərq qoymadan hamını həbsxanalara göndərirdi. Liviyanın bir çox bölgələrində konsentrasiya düşərgələri və həbsxanalar tikilərək yerli əhaliyə heç bir möhlət verilmədi. İş o yerə çatmışdı ki, Cəbəlülahdarda Ömər Muxtara kömək etdiyi aşkar edilən qəbilələrdən qisas almaq üçün kəndləri məftillərlə əhatə edib, onlara işgəncələr verilirdi. Qrazianinin atdığı bu addımlardan yorulmuş olan bəzi qəbilə başçıları hətta Ömər Muxtardan müqavimətdən əl çəkməsini xahiş etdilər.

Ancaq Ömər Muxtar müshafını (Qurani-Kərim) çıxarıb əl basaraq şəhadət ya da zəfərdən bir nəsib olmadığı müddətcə mübarizədən əl çəkməyəcəyini söyləmişdi

Hərbi tədbirləri artıran Qraziani əl-Fəydiyə bölgəsini tamamilə mühasirəyə aldı və 3175 tüfəngi müsadirə etdi. Bundan sonra Ömər əl-Muxtar hərəkət məkanınl yardımların gəldiyi Misir sərhədinə yaxın bir yerə köçürdü. Mücahidlərin və onları müşayiət edən heyvanların ehtiyacları Misir sərhədindən təmin edilirdi. Bunun qarşısını almaq istəyən Graziani, Aralıq dənizindən tutmuş Cağbuba qədər şərq sərhədi boyunca təxminən 270-300 kilometrlik əraziyə tikanlı məftillər çəkdi.

Mücahidlər bütün çətinliklərə baxmayaraq, mübarizəni davam etdirərək müqaviməti davam etdirdilər. 1930-cu ilin oktyabrında işğalçılarla şiddətli toqquşmadan sonra döyüş meydanında Ömər əl-Muxtarın eynəyi tapıldı və bunun üzərinə Qratsiani dedi: “Bu gün Ömər əl-Muxtarın eynəyini götürdük, sabah onun başını alacağıq” əlində olan üstün hərbi güc və amansız əməliyyatları ilə davam etdirdi və 13 yanvar 1931-ci ildə Kufrə vahasını işğal etdi. Kufrənin işğalı ilə kişilərin çoxu öldürüldü, qadınlara təcavüz edildi.

1923-cü ildən 1932-ci ilə qədər Liviyada İtaliya işğalına qarşı Ömər Muxtar liderliyində aparılan müqavimət savaşında sürətli səhra atlıları İtaliya ordusuna əsl faciə yaşatmışdı.

O 1931-ci il sentyabrın 11-də İtaliyan əsgərlərinin mühasirəsində qalmış, 15 sentyabr 1931-ci ildə isə italyanlar tərəfindən əsir götürülmüşdü.

Belə ki, Ömər əl-Muxtar mütəmadi olaraq döyüş mərkəzini dəyişirdi, bununla da özünü və bölməsini italyanların hədəfindən qoruyurdu. Cəbəldəki italyan qoşunları kəşfiyyat məlumatları əldə edərək bölgəyə kəşfiyyatçı bölmələri göndərmişdi. Çevik zəkası ilə bölüyü qruplara bölən Ömər Muxtar italyan cərgələrindən keçə bilmişdi. Lakin kiçik qruplardan birinin kəşfiyyat təyyarəsi tərəfindən aşkarlanması ilə bölgədəki işğalçı qüvvələrin hücuma keçdilər. Münaqişə zamanı atı yaralanaraq yıxılan Ömər Muxtarın bir əli atın altında qalıb, digər əli isə güllə hədəfinə çevrilmişdi. Bu vəziyyətdə ələ keçirilən Ömər Muxtarın şəxsiyyəti müəyyən edildikdən sonra gəmi ilə Benqazidəki həbsxanaya köçürüldü. Bu əsnada Romadan Parisə gedən Qraziani məlumat alan kimi, dərhal Benqaziyə qayıdır.

Sentyabrın 15-də xurma, arpa və düşməndən başqa heç nəyi olmayan mücahidlərin başçısı Ömər əl-Muxtar tamamilə rəsmiyyət gərəyi, saxta şəkildə mühakimə olundu və ona qarşı ölüm hökmü çıxarıldı.

Bir gün sonra o, həbs düşərgəsində bu anı izləmək məcburiyyətində qalan 20 min insanın qarşısında qurulan dar ağacına gətirildi. Boynunda kəndir olan adamdan hələ də qorxan işğalçı italyanlar Ömər Muxtarın ağzından çıxan bir sözlə camaatın ayağa qalxacağından qorxduğu üçün edam zamanı təyyarələri ilə aşağı məsafədən uçurdular.

İtalyanlara karşı direnişin sembolü Ömer Muhtar (en solda).

Ömər Muxtarın mübarizə apardığı general Qraziani Ömərin ölümündən sonra gündəliyində bu qeydi yazdı:

"Ömər Muxtar iman və əqidəsinə son dərəcə bağlı bir insan idi. Vətəninə hücum edənlərə qarşı qorxmadan vuruşurdu. O, vətəninə qarşı edilən hər hansı hücumu cavabsız qoyacaq adam deyildi. Üstün bir zəkaya sahib idi. Eyni zamanda Ömər Muxtarın yüksək dini mədəniyyəti var idi. O, dinini heç bir maddi mənfəət üçün satmayan üstün şəxsiyyət sahibi idi. O, heç bir dünyəvi mənfəət güdməyən bir insan idi. Üstəlik, çox kasıb adam idi. Din və vətən sevgisindən başqa dünyəvi bir şeyə malik deyildi”.

“Çağırış” filmi ilə tanınan suriyalı rejissor Mustafa Akkad 1981-ci ildə “Səhranın aslanı” filmində Ömər əl-Muxtarın italyanlarla mübarizəsini əks etdirdi.

Ömər əl-Muxtarın şəhadət ildönümü Liviyada rəsmi qeyri-iş günüdür. Liviyalılar həmin günü “Şəhidlər günü” adlandırırlar.