Son dəqiqə

Kim kimdir?

Əbdürrəşid İbrahim Kimdir?

Bakı,TurkicWorld

Əbdürrəşid İbrahim Əfəndi Sibirdən İstanbula, Kazandan Hicaza, Misirdən Fransaya, Şərqi Türküstandan Yaponiyaya gedən yollarda siyasi mübarizə və dini təbliğat uğrunda keçən ömrü ərzində məzlum müsəlmanların səsi olmuş və İslamın geniş coğrafi ərazilərdə yayılmasına vəsilə olmuşdur. Yaponiyada İslamın bərqərar olması üçün böyük səylər göstərən alim öz təşəbbüsləri ilə İslamın Yaponiyada rəsmi din kimi qəbul edilməsini təmin etmişdir.

Əbdürrəşid İbrahim Əfəndi 1857-ci ildə Sibirin Tobolsk şəhəri yaxınlığındakı Tara şəhərində Buxaradan olan özbək ailəsinin övladı olaraq dünyaya gəlib. 7 yaşından etibarən mədrəsə təhsilinə başlayıb.

14 yaşında yetim qalan Əbdürrəşid İbrahim aldığı təhsilin səviyyəsindən razı qalmadığı üçün özündən iki yaş kiçik qardaşını da götürüb Kazana yollanır. Burada Qaşqar mədrəsəsinə daxil olaraq təhsilinə davam edir. Osmanlı-Rusiya müharibəsi başlayanda pasportunun müddəti bitdiyi üçün həbs olunur. Təxminən bir il davam edən həbs müddəti ərzində bir çox müsəlman-türk məhbus ilə tanış olub onlardan məlumatlar əldə edir. Daha sonra nəşr etdirəcəyi “Həbsxananın sirri” adlı kitabı məhz bu məlumatlar əsasında qələmə alınır.

Həbsdən çıxandan sonra da fərdi dərslər verərək dolanışığını təmin etməyə davam etsə də, müsəlmanların yaşadığı başqa torpaqlara gedib tarixə şahidlik etmək arzusu var idi. Nəhayət, Əbdürrəşid İbrahim 1879-cu ildə yollara düşərək əvvəlcə İstanbula, sonra isə Hicaza gedir. Həcc ziyarətini başa vurduqdan sonra Mədinədə məskunlaşaraq təhsilinə davam edir. Burada fiqh, təfsir, qiraət və hədis kimi dini dəsrlərlə yanaşı, ərəb və fars dərslərini də davam etdirir. Beş ildən sonra icazəsini alıb Taraya qayıdıb mədrəsədə dərs deməyə başlayır. Təxminən 6 ay sonra o, bu dəfə tələbələri ilə birlikdə yenidən Həcc ziyarətinə qayıdır.

İslam dünyasının siyasi vəziyyətini yaxından təqib edən Əbdürrəşid İbrahim 1884-cü ildə İstanbula gələrək Əhməd Vəfiq Paşa, Müəllim Naci, İzmirli İsmail Hakkı kimi dövrün bir çox ziyalısı ilə görüşmüş, 1885-ci ildə yenidən məmləkəti Taraya geri qayıtmışdı. Elə həmin il Tarada evlənən İbrahim yenidən İstanbula gedərək Maarif Naziri Münif Paşa ilə görüşür.

O, İstanbulda olduğu müddətdə yazdığı kitabları gizli yolla Rusiyaya çatdıraraq müsəlmanların mariflənməsinə çalmış və beləcə basqılara məruz qalan türklərin Sibirdən Anadoluya köç etməsinə səbəb olmuşdu.

1891-ci ildə rus dilindən imtahan verən və 1892-ci ildə Orenburq Ruhani Məclisi tərəfindən qazi təyin edilən İbrahim, üzvü olduğu Orenburq şəriət məhkəməsinin sədri həcc ziyarətinə getdikdən sonra məhkəməyə başçı təyin olunur.

İbrahim vəzifədə olduğu 8 ay ərzində kasıblar və yetimlər üçün dərnəklər yaradır. O, Sankt-Peterburqa gedib daxili işlər və təhsil nazirləri ilə görüşüb müsəlmanların problemlərinin həlli yollarını tapmağa çalışıb. Müfdü ilə arasında ixtilaf çıxan İbrahim məhkəmənin başçısı vəzifəsindən istefa verib İstanbula qayıdaraq Livaul-Həmd risaləsini İstanbulda çap etdirir.

1896-cı ildə Avropaya gedən və Rusiya müsəlmanlarının problemlərindən danışan İbrahim 1897-ci ildə İstanbulu tərk edərək 3 il ərzində Misirdən Fransaya, Bolqarıstandan Şərqi Türküstana qədər bir çox bölgəni gəzmiş və şahidi oldğu hadisələri qeydə almışdı.

1900-cü illərin əvvəllərində o, Rusiya içində Monqolustana qədər məsafə qət elədi və Mançuriya vasitəsilə Yaponiyaya keçdi. Orada boş dayanmayan Əbdurrəşid İbrahim adət və xarakterləri ilə müsəlmanlara yaxın gördüyü yapon xalqına İslamı izah etmək üçün müxtəlif fəaliyyətlər həyata keçirdi. Qısa müddətdən sonra o, Rusiya hökumətinin təzyiqi ilə Yaponiyanı tərk etmək məcburiyyətində qalaraq doğma şəhəri Taraya qayıtdı. Təxminən iki il sonra Sankt-Peterburqa gedərək nəşrə başladığı “Mir’at” jurnalında Rusiya müsəlmanlarının dərdlərini geniş auditoriyaya çatdırmağa çalışdı. 22 nömrəsini çap etdirdikdən sonra İstanbula gəlib orada fəaliyyətini davam etdirərkən Rusiya səfirliyinin təzyiqi nəticəsində Rusiyaya qaytarılaraq Odessaya göndərildi.

Qısa müddət sonra sərbəst buraxılan Əbdürreşid İbrahim Əfəndi Peterburqa gedərək sürətini azaltmadan işlərinə davam etdi. Bu dövrdə o, siyasi fəaliyyətə diqqət yetirərək “Rusiya müsəlmanlarının ilk siyasi nümayəndəsi” vəzifəsinə qədər yüksəldi. Artan təzyiqlər nəticəsində Peterburqdakı mətbəəsi bağlandıqdan sonra yenidən yola düşərək bir il davam etdiyi səyyəhtən sonra Taraya qayıtdı və ailəsini götürüb Kazanda məskunlaşdı. Bu dəfə Uzaq Şərq səfərinə çıxan Əbdürrəşid İbrahim Monqolustan, Hindistan, Mançuriya, Koreya, Yaponiya, Çin, Hicaz və Yaxın Şərqdən keçərək yenidən İstanbula gəldi. O, bu səfərlə bağlı xatirələrini bir yerə toplayıb “Aləm-i İslam” adlı kitab halına gətirərək dövrün Sıratı Müstəkim jurnalında silsilə halında nəşr etdirdi. O bu əsərində yapon əxlaqının və Yaponiyanın inkişafının bəzi sirlərinə yer vermişdi.

İstanbulda çıxan “Ümran” qəzetində “Rusiya müsəlmanlarının gələcəyi” adlı silsilə məqalələr dərc etdirən İbrahim həmin illərdə Tarada açdığı mədrəsələrdən tələbələri İstanbula gətirirdi.

İstanbula dönərək Çolpan (Çoban) Ulduzu adlı risaləsini nəşr etdirən İbrahim, Namık Kamal, Əhməd Vefik Paşa kimi dövrün ziyalıları ilə görüşlər keçidir.

Rusiyadakı müsəlmanların yaşadığı şərtləri görüşlərində dilə gətirən İbrahim, təxminən 70 min müsəlmanın Anadoluya köçməsini təmin etdi.

1904-1905-ci illər Rus-Yapon müharibəsində Yaponiyanın qələbəsi Rusiyanın hökmran olduğu müsəlman cəmiyyətlərinə təsir etdi, buralarda əks səda yaratdı.

Yapon əxlaqının və inkişafının bəzi sirlərini əsərinə daxil edən Əbdürrəşid İbrahim Türkiyədə Yaponiya ilə bağlı ilk ciddi araşdırmalar olaraq qəbul edilən “İslam dünyası”“Yaponiyada İntişarı İslamiyət - Yaponiyada İslamın yayılması” adlı kitabları ilə İslam dünyası ilə Yaponiya arasında körpü yaratdı.

Yaşadığı Tokioda dili öyrənən İbrahim İmperator ailəsi ilə dostluq quraraq bəzi Yapon dövlət adamlarına İslamı tanıtdırdı.

Yaponiyada İslamı təbliğ etmək üçün “Asya Gikai” dərnəyini quran İbrahim Tokioda məscid açmaq təşəbbüsü də göstərdi.

Sultan II Əbdülhəmidin taxtdan endirilməsindən sonra məscid xəyalını təxirə salan İbrahim 1909-cu ildə Tokiodan Koreyaya yola düşdü.

İbrahim əfəndi gəzdiyi yerlər arasında Yaponiyaya xüsusi önəm verirdi. O, Qərb dövlətlərinin Yaponiyada həyata keçirdiyi missioner fəaliyyətlərinə qarşı Asya Quvvə-i Müdafaası Cəmiyətini (Asiya Qüvvələrinin Müdafiəsi Cəmiyyətini) təsis etdi. İstanbula qayıdanda dövrün sultanı II. Əbdülhəmidə məktub yazaraq Yaponiyaya müsəlman heyəti göndərməyi xahiş etdi. Dövrün şərtlərinə görə bu xahiş cavabsız qalsa da, mübarizəsini davam etdirməkdən geri çəkilmədi.

1910-cu ildə İstanbula qayıdan İbrahim Süleymaniyyə məscidinin kürsüsündən Osmanlı xalqına müraciət edərək Yaponiya haqqında məlumat verdi.

Türkiyə Cümhuriyyətinin ilk illərində Konyada məskunlaşan İbrahim orada təkbaşına həyat sürdükdən sonra yenidən yollara düşdü.

Əbdürrəşid İbrahim sadəcə masa arxasında qalan bir alim deyildi; Liviyada italyanlara, Sarıqamışda ruslara qarşı ön cəbhədə vuruşdu.

İtaliyanın Tripolini işğal etdiyi zaman cəbhəyə geti. Böyük Səhranı keçərək mübarizəyə girdi və xalqı cihada dəvət edən fətvalar payladı. İstanbula qayıtdıqdan sonra moizə və konfranslarda cəbhədə gördüklərini camaata danışdı. Ruslar Sarıqamışa girdikdən sonra bu dəfə o bölgəyə doğru yola düşdü. Həmin dövrdə İstanbulda qurulan Rusiya Müsəlman Türk Tayfalarını Himayə Cəmiyyətinə üzv oldu və cəmiyyəti təmsil etmək üçün Avropaya səfər etdi. O, Lozannada Millətlər Birliyinin təşkil etdiyi “Rusiya Məhbus Millətləri Konfransı”na qatılaraq Rusiya müsəlmanları adından tələblər irəli sürmüş, sonra Almaniyaya gedərək oradakı rus əsirləri üçün qəzet nəşr etdirmişdir.

Avropadakı fəaliyyətini başa vuran illərdə Rusiya, Misir və Məkkəni ziyarət edən Əbdürrəşid İbrahim Əfəndi 1934-cü ildə yenidən ailəsi ilə birlikdə Yaponiyaya gedərək ölümünə qədər Tokioda İslamın yayılması üçün çalışdı. Bolşevik inqilabından qaçıb Tokioda məskunlaşan Kazan müsəlmanları ilə birlikdə təbliğat işləri apardı. O dövrdə İslam üzərində işləməyə yeni başlayan məşhur mütəfəkkir Toşihiko İzutsuya ərəb dili dərsləri keçməyə başladı.

Türkiyəli məşhur şair eyni zamanda Türkiyənin himinin yazarı Mehmet Akif Ersoy Əbdürrəşid İbrahim əfəndi haqqında “Süleymaniye Kürsüsünde” adlı şeir də qəlmə almışdır.

  • “Kimdi kürsüdəki? Bir bilmədiyim pir amma,

  • Heç də biganə deyil qəlbə o câzib sîmâ.

  • Bəmbeyaz lihye-i pâkiylə, bəyaz dəstârı,

  • O mehib alnı, o pək munis olan didarı

  • Hər tərəftən kuşatıp bədri saran hâlə kimi,

  • Nə şehâmət, nə məlâhət veriyor, ya Rəbbi!”

1934-cü ildə Əbdürrəşid İbrahim ən böyük arzusu olan Tokio məscidini tikdirmək üçün fəaliyyətə başlayır. Yaponiyalı imkanlı müsəlmanlarının dəstəyi ilə tikintisinə başladıqları Tokio məscidini 120 min yen yəni 1 milyon dollara 1938-ci ildə inşa edib bitirirlər. Məscidin ilk kərpicini qoyan İbrahim əfəndi həm də ilk imam olaraq təyin edilir. Onu da qeyd edək ki, məscidin memarı yapon əsilli Yoshimoto adlı şəxs olur.

Həmçinin onun təşəbbüsü və səyləri nəticədində İslam 1939-cu ildə Yaponiyada rəsmi din kimi qəbul edilir.

17 avqust 1944-cü ildə yaponlar radiolarında tələffüzü onlara olduqca yad gələn və yəqin ki, ilk dəfə eşitdikləri bir adın ölüm xəbərini eşidirlər. Sayı bir neçə minə çatmayan Yaponiya müsəlmanları isə eyni zamanda böyük kədər içində idilər. Həmin gün Dövlət Radiosu NHK ölkənin əhəmiyyətli simalarında etdiyi kimi ilk dəfə bir müsəlman üçün də anons verdi və Əbdürrəsid İbrahim Əfəndinin vəfatını bütün ölkəyə elan etdi.

80 il əvvəl 1944-cü il avqustun 17-də vəfat edən Əbdürrəşid İbrahim Əfəndi Tokiodakı Tama qəbiristanlığında dəfn edilib. İbrahim əfəndi hər il anadan olmasının və vəfatının ildönümlərində Yaponiyadakı müsəlman icmaları tərəfindən məzarı başında yad edilir.

Əbdürrəşid İbrahim Əfəndi öz məfkurəsi uğrunda həsr etdiyi həyatını başa vursa da, onun mənəvi mirası olan Tokio məscidi Yaponiyadakı İslam icmalarının qardaşlığı və birliyində hələ də güclü rol oynayır.

Mövzuya görə xəbərlər