Bakı, TurkicWorld
Tarixi şəxsiyyəti ilə haqqında deyilən əfsanələr bir birinə qarışmış olan Battal Qazi Əndəlüsdən Orta Asiyaya qədər bütün müsəlman xalqlarının ortaq qəhrəmanı halına gəlib.
Battal Qazinin əsl kimliyi və əfsanəvi şəxsiyyətini ayrıca nəzərdən keçirmək lazımdır. Yaqubi və Təbəridən başlayaraq Övliya Çələbiyə qədər Məsudi, İbn Əsakir, İbnü'l-Əsir, Sıbt İbnü'l-Cəvzi, İbn Şakir əl-Qütubi, İbn Fəzlullah əl-Öməri, Zəhəbi, İbn Kəsir, Gelibolulu Mustafa Əli kimi bir çox qaynaqlarda Battal Qazi haqqında məlumat verərkən Battal Qazinin həqiqi şəxsiyyəti ilə əfsanələşdirilmiş real olmayan şəxsiyyəti bir birinə qarışdırılıb .
Əfsanələri kənarlaşdırdıqda Battal Qazi haqqında məlumatın çox az olduğunu görürük.
Mənbələrdə göstərdiyi qəhrəmanlıqlara görə “Battal” adının ona ləqəb olaraq verildiyi, əsl adının Abdullah olduğunu bildirilir. Həmçinin mənbələrdə ona Əbu Yəhya, Əbu Hüseyn və ya Əbu Muhamməd, atasına isə Hüseyn, Ömər və Əmr kimi fərqli adlar istinad edilib.
Mənbələrin ailəsi haqqında verdiyi məlumatlar da demək olar ki üst üstə düşmür. İbnül-Əsirin verdiyi məlumatlarda Battal Qazinin Əməvilərə bağlı olan azad edilmiş ailələrdən olduğu deyilib. (əl-Kamil, V, 129).
Bəzi rəvayətlərdə onun 9-cu əsrdə, yəni Abbasi xəlifəsi Harun ər-Rəşid (786-809) dövründə Malatya ətrafında yaşadığı göstərilsə də (Tarix-i Təbəri-i Kəbir Tərcüməsi, III, 512; Övliya Çələbi, III, 13 -14), bu doğru deyil. Onun Abbasilər dövründə yaşadığının iddia edilməsi Battalnamədəki rəvayətlərin təsiri ilə bağlıdır. Bu səbəbdən Təbərinin və istinad edilən mənbələrin əksəriyyətinin göstərdiyi kimi, Battal Qazinin VIII əsrdə Əməvilər dövründə yaşadığını qəbul etmək reallığa daha yaxın görünür. Battal Qazinin adını çəkən Bizanslı Feofan və Süryani yazıçısı Tell Mahreli Denis kimi klassik xristian yazıçılarının əsərləri də bunu təsdiq edir (məsələn, bax Brooks, s. 578 vd.).
Battal Qazi xüsusilə 717-740-cı illər arasında Əməvilərin Bizansa qarşı mübarizələrində iştirak etmiş və həm müsəlman, həm də xristian mənbələrinə adını əfsanəvi döyüşçü öz qeyd etmişdir.
Tarixuṭ-Ṭəbərinin farsca tərcüməsinə görə, Battal ilk dəfə 717-ci ildə Məsləmə b. Əbdülməlik başçılığı ilə İstanbulun mühasirəsində özünü göstərib (H. Zotenberq, IV, 239-240). Digər mənbələrdə də Battal Qazinin iştirak etdiyi və ya şəxsən rəhbərlik etdiyi döyüşlər bütün təfərrüatları ilə təsvir edilir.
Bu hekayətlərdə onun yanında Əbdülvəhab b. Buht adlı başqa bir qəhrəmanın olduğunu görürük. Ona Türk Battalnâmesində də Əbdülvehhab Qazi adı ilə rast gəlirik (məsələn, bax Menâkıb-ı Qazavat-ı Sultan Seyyid Battal Qazi, İstanbul 1317).
Battal Qazinin döyüşlərini təsvir edən mənbələrdə qeyd olunan bölgə, şəhər və qəsəbə adlarına nəzər saldıqda onun Kayseri, Afyon və Eskişehir bölgələrində, Əl-Cəzirə (Cənub-Şərqi Anadolu daxil olmaqla) və Suriya bölgələrində fəaliyyət göstərdiyi görülür.
Battalnamə, Övliya Çələbi, Gelibolulu Mustafa Ali və Münəccimbaşı kimi türk mənbələri onun daha çox Malatya bölgəsində döyüşdüyünü göstərir (məsələn, bax: Övliya Çələbi, IV, 11). Abbasilər dövründə Bizansa qarşı aparılan bəzi mübarizələr Battal Qazi şəxsiyyətinə istinad edilmişdi. Osmanlı mənbələri isə bunları tarixi hadisələr kimi qəbul etmişlər.
Battal Qazinin ölümü ilə bağlı tarixboyu müxtəlif şayiələr yaranıb. Feofan, Təbəri, İbnul-Əsir və İbn Kəsir tərəfindən verilən məlumatlarda Battal Qazinin Eskişehirin cənub-qərbində Seyitqazi qəsəbəsinin yerləşdiyi qədim Akroinon ərazisində döyüş zamanı şəhid olduğu bildirilib. Göstərilən mənbələrdə onun ölüm tarixi 113 (731), 122 (740) və 123 (741) kimi qeyd edilir. Buna görə də, Battal Qazinin eramızın 730-cu və ya 740-cı illərində Akroinon yerində şəhid olduğunu qəbul etmək olar.
Ərəb salnamələrində təsvir edilən Battal Qazi obrazı ilə türk qaynaqlarında təsvir edilən obrazın böyük ölçüdə bənzədiyi dərhal diqqəti çəkir. Ərəb mənbələrinə görə “o, xristianların çox qorxduğu döyüşçüdür. Xristian qadınlar övladlarını onunla qorxudur. Onlar övladlarına onun kim olduğunu göstərmək üçün portretini kilsələrində saxlayırlar. Battal Qazi tez-tez kilsə və monastırlara hücum edir, keşişlərlə əlaqə saxlayır, ələ keçirmək istədiyi qalaları, şəhərləri gah qılınc gücü, gah da ağlı ilə özünə tabe edir”. Türk qaynaqlarında da buna bənzər rəvayətlərə rast gəlinir.
Battal Qazinin əfsanəvi şəxsiyyəti Anadolu türkləri arasında da məşhurlaşdı. Hətta o qədər məşhurlaşdı ki, milliyətcə ərəb olan Battal Qazini türkləşdirib, türk alpı olaraq adlandırmağa başladılar. Battal Qazi haqqında 11-13-cü əsrlərdə “Battalnamə”-ni yazdılar.
Battal Qazinin türklər arasında bu qədər sevilməsində və qazi-vəli (və ya alp ərən) kimi adlandırılmasında öldürüldüyü yerdəki köhnə Bizans monastırının yanında yerləşən məzarının I Əlaəddin Keyqubadın anası tərəfindən yuxuda tapılması rəvayətinin də təsiri var.
I Qıyasəddin Keyhüsrev xanımının istəyi ilə Battal Qazinin qəbrinin üstündə türbə və məscid tikdirir. Beləliklə, Osmanlı dövründə sonradan böyük bir ictimai kompleksə çevriləcək binalardan birincisinin (Seyyid Battal Qazi Külliyesi) təməli qoyulur. Bu yer Anadolu Səlcuqlular dövründə qısa bir zamanda ziyarət yerinə və məskunlaşma mərkəzinə çevrilir. Beləliklə indiki Seyitqazi qəsəbəsinin əsası qoyulur.
Battal Qazi Anadoluda, xüsusən də Səlcuqlular dövründən bəri sufi qruplar (əvvəlcə Kalenderilər, sonra Bektaşilər və Ələvilər) tərəfindən geniş şəkildə qəbul edilir.
Battal Qazi qəhrəmanlığı və övliya şəxsiyyəti ilə Anadolu xalqını o qədər təsirləndirmişdir ki, 13-cü əsrdən 16-cı əsrə qədər Anadoluda çoxluq təşkil edən Qələndəri dərvişləri onu özlərinə pir kimi qəbul etdilər.
Onun məzarının yanındakı köhnə Bizans monastırı Qələndərlərin mərkəziə çevrilmişdi və XVI əsrin sonuna qədər bu statusu qoruyub saxlamışdı.
Qələndərlərin içində yaranıb Qələndərin yerinə keçən Bektaşilik bir çox şey kimi Battal Qazuini də özünküləşdirdi. Battal Qazini, həm də atası Hüseyn Qazini ehtiramla yad edən bektaşilər onların qəhrəmanlığını təsvir edən uzun mənzum dastanlar da yazmışlar.
Battal Qazinin adı XV əsrdə sünni xalq şairləri arasında da məşhurlaşır. 19-cu əsrdən həm qazilik, həm qəhrəmanlıq keyfiyyətləri haqqında şeirlər yazılır.(məsələn, bax: Köksal, s. 31-35).
Battal Qazi ilk dövrlərdən bəri Osmanlı qaziləri arasında da hörmətlə yad edilib. Osmanlı döyüşçüləri səfərə getməzdən əvvəl onun məzarını ziyarət edirdilər.
Battal Qazi bir qəhrəman tarixi şəxsiyyət olaraq bu gün də ictimaiyyət tərəfindən hörmətlə yad edilir.