Bakı. TurkicWorld:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində BRİKS ölkələrindən olan həmkarları ilə görüşəcək.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilib.
Məlumata görə, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasının (CAR) xarici işlər nazirləri beynəlxalq problemləri, o cümlədən, BMT Baş Assambleyasının gündəliyində duran məsələləri müzakirə edəcəklər.
Bundan başqa, Lavrov həmkarlarını Rusiyanın 2024-cü ildə BRİKS-ə sədrlik etmək planları barədə məlumatlandıracaq.
Qeyd edək ki, BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, CAR) təşkilatının 15-ci sammiti 22-24 avqust tarixlərində CAR-ın Yohannesburq şəhərində keçirilib. Sammitin yekunlarına görə, təşkilata Argentina, Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı və Efiopiya olmaqla 6 yeni üzvün qəbul olunması barədə razılıq əldə edilib.