Son dəqiqə

Kim kimdir?

Nəzakət Teymurova kimdir?

Bakı. TurkicWorld:

Nəzakət Teymurova 4 iyul 1972-ci ildə Ağdam rayonunun Əlimədədli kəndində dünyaya gəlib. Orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Baza Energetika Texnikumuna daxil olub.

Oradan müsabiqə yolu ilə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olub və 1991-1995-ci illərdə Nəriman Əliyevin sinfində oxuyub.

1995-ci ildə ali təhsil almaq üçün Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, xalq artisti professor Arif Babayevdən dərs alıb.

Nəzakət Teymurova müsahibələrinin birində muğam janrına olan marağını belə ifadə edib:

"Mən qismətə çox inanıram. Düşünürəm ki, bu da mənim alın yazımdı. Qarabağlı olduğum üçün muğam mənim qanımdadır. Bundan əlavə, anamın çox gözəl səsi var. Bacımın da gözəl səsi olub, 28 yaşında dünyasını dəyişib. Atam da tez rəhmətə gedib. Yəni ailəmizdə nisgil olub. Anamın ağısını həmişə eşitmişəm. Bu gün də anamın səsini, oxumağını eşidəndə özümü saxlaya bilmirəm. Anamın yanıqlı səsi olsa da, anası onun sənətə gəlməsinə qadağa qoyub".

Elə həmin ildən də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir. İlk rolu "Leyli və Məcnun"-da Leyli olub. "Aşıq Qərib'də Şahsənəm, "Gəlin Qayası"nda Gülbahar, "Natavan'da Xanəndə qız, "Vaqif'də Xanəndə qız, "Koroğlu"da Xanəndə qız rolları ilə çıxış edib.

Nəzakət Teymurova "Leyli"rolunu ifa etdiyi zaman yaşadığı hisləri belə qeyd edir:

"İlk dəfə Leyli olandan sonra elə bildim ki, dünyanı dağıtmışam. Elə bildim, daha istədiyimə çatdım. Sonralar başa düşdüm ki, Leylini yaratmaq üçün bir dəfə səhnəyə çıxmaq yetərli deyil. Ancaq tamaşaçılar ilk dəfədən qəbul etdilər. O zaman mətbuatda da mənim ilk səhnəyə çıxışımla, Leyli obrazı ilə bağlı müsbət fikirlər yazıldı. Deyirdim arzuma yetmişəm. Ancaq sənətin dərinliyinə varınca görürsən ki, yox, hər dəfə səhnədə axtarışda olmaq, yenilik etmək lazımdır. Beş il öncəki kasetlərimə baxanda analiz edirəm, görürəm ki, nə qədər çatışmayan şeylər var. Həm ifa tərzimdə, həm plastikada, səhnə hərəkətlərində, oxumaqda. Opera səhnəsində hər şey biri-birini tamamlamalıdır. Bu rolu ifa edərkən səhnədə o qədər hönkürüb ağlamışam ki, səsimi idarə etmək çətin olub. "Leyli və Məcnun"da ölüm səhnəsi var. Dəfələrlə olub ki, o məqamda qəhər məni boğub. O obrazı içindən yaşayanda, ancaq onu olduğu kimi də tamaşaçıya çatdıra bilirsən".

Opera solisti kimi fəaliyyət göstərməklə yanaşı, Nəzakət Teymurova həm də muğam, xalq və bəstəkar mahnılarını da yüksək professionallıqla ifa edir. Dövlət səviyyəli tədbirlərdə, yubileylərdə tez-tez çıxış edir.

Sənətçi Almaniya, ABŞ, Koreya, Yaponiya, Macarıstan, Fransa, Türkiyə, İran, İsveçrədə konsert proqramları ilə çıxış edərək milli muğam sənətini ləyaqətlə təmsil edib.

Hazırda Opera və Balet Teatrının solistidir, Milli Konservatoriyada və Musiqi Kollecində muğam dərsi deyir. 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 2005-ci ildə Azərbaycan Respublikasının Xalq Artisti adlarına layiq görülüb.

2011-ci ilin avqust ayında Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Şərq təranələri" VIII Beynəlxalq musiqi festivalında YUNESKO-nun "Ən gözəl səs" xüsusi mükafatını alıb.

2012-ci ilin fevral ayinda Nəzakət Teymurovanın Azərbaycan musiqisi toplusundan ibarət yeni diski İtaliyada işıq üzü görüb.

9 may 2012-ci ildə 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə və 6 may 2016-cı ildə Prezident Mükafatına layiq görülüb.

Albomları:

1. Qal, sənə qurban

2. Unuda bilmirəm

Filmoqrafiya:

Güllələnmiş heykəllər (film, 2002)

Mövzuya görə xəbərlər