Özbəkistan millisi 2024-cü ildə keçiriləcək dünya çempionatında iştirak edəcək

Özbəkistan millisi 2024-cü ildə keçiriləcək dünya çempionatında iştirak edəcək

Bakı. TurkicWorld:

Özbəkistan millisi 2024-cü ildə keçiriləcək dünya çempionatında iştirak edəcək.

TurkicWorld-un məlumatına görə, Özbəkistanda futzal üzrə milli komandalar arasında 2024-cü il Asiya Kubokunun seçmə mərhələsinin oyunları keçirilir. Burada İraq, Malayziya, Kamboca və Özbəkistan komandaları mübarizə aparır.

Hazırda davam edən seçmə turnirin qrup mərhələsinin 2-ci turunda özbəklər Malayziya millisini 4:3 hesabı ilə məğlub edib. Nəticədə Özbəkistan millisi iki oyundan sonra 6 xal toplayaraq Asiya Kubokuna vəsiqə qazanıb. 1-ci turda özbəklər Kamboca üzərində 6:1 hesabı ilə qalib gəliblər.

Son mərhələdə Özbəkistan və İraq yığmaları mübarizə aparacaq. İraqlılar artıq 6 xalla Asiya Kubokuna vəsiqə qazanıb. İki komandanın qarşılaşması yalnız qrupun qalibini müəyyənləşdirəcək.

Qeyd edək ki, 2024-cü il Asiya Kuboku 17-28 aprel tarixlərində Taylandda keçiriləcək. Yarış həm də 2024-cü ilin sentyabr-oktyabr aylarında keçirilməsi planlaşdırılan dünya çempionatının seçmə turniri rolunu oynayacaq. Yarışın ən yaxşı 4 komandası dünya çempionatına vəsiqə qazanacaq.

Məlumat üçün bildirək ki, 2024-cü ildə dünya çempionatı Özbəkistanda keçiriləcək. Ona görə də Özbəkistan yığması Asiya Kubokunda göstərdiyi nəticədən asılı olmayaraq bu turnirdə ev sahibi kimi iştirak edəcək.