BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə ilə Ermənistan arasında 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində yeni addım atılıb. Tərəflər arasında birbaşa ticarətin başlanmasına dair bürokratik hazırlıqların 2026-cı il mayın 11-i etibarilə tamamlandığı açıqlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli X hesabında yazıb.
Açıqlamada bildirilir ki, iki ölkə arasındakı ortaq sərhədin açılması istiqamətində texniki və bürokratik işlər isə hələ davam edir.
Yeni tənzimləmə nəticəsində Türkiyədən üçüncü ölkə üzərindən Ermənistana göndərilən və ya eyni marşrutla geri daşınan malların son təyinat və ya çıxış məntəqəsinin “Ermənistan/Türkiyə” kimi göstərilməsi mümkün olacaq.
Açıqlamada vurğulanıb ki, Cənubi Qafqazda davamlı sülh və rifahın möhkəmləndirilməsi istiqamətində yaranmış tarixi imkan fonunda Türkiyə bölgədə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın genişləndirilməsinə dəstək verməyə davam edəcək.
Rəsmi bəyanatda qeyd olunub ki, bu prosesin məqsədi region ölkələri və xalqları arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsidir.
Son illərdə Ankara və İrəvan arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif diplomatik təmaslar həyata keçirilir.





