Son dəqiqə

Azərbaycan Türkiyə Ermənistan Hakan Fidan sülh prosesi normallaşma prosesi

Hakan Fidan: Ermənistanla normallaşma prosesi Azərbaycanla sıx əlaqələndirilir

BAKI,TurkicWorld

Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsi baxımından mühüm imkanlar yaradır.

TurkicWorld xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən sonra jurnalistlərə açıqlamasında səsləndirib.

Nazir bildirib ki, regionun münaqişələr və qarşıdurmalarla deyil, inkişaf layihələri, əməkdaşlıq və ortaq rifah təşəbbüsləri ilə tanınması əsas məqsədlərdən biridir.

Onun sözlərinə görə, bu yanaşmanın ən mühüm nümunəsi hazırda Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesidir. Hakan Fidan qeyd edib ki, tərəflərin nümayiş etdirdiyi siyasi iradə region üçün yeni imkanlar yaradıb.

Türkiyənin xarici işlər naziri vurğulayıb ki, Ankara Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyir və Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasını vacib hesab edir.

“Azərbaycan ilə Ermənistan arasında sülh prosesini dəstəkləyirik. Azərbaycanın qanuni narahatlıqlarının aradan qaldırılmasını və sülh sazişinin gecikdirilmədən imzalanmasını arzulayırıq. Ermənistanla apardığımız normallaşma prosesi də Azərbaycanla sıx koordinasiya şəraitində davam edir. Son dörd il ərzində bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub”, – deyə Hakan Fidan bildirib.

Nazir əlavə edib ki, region ölkələrinin ortaq maraqlarına xidmət edən bu müsbət mərhələnin davam etdirilməsi üçün fəaliyyətlər qətiyyətlə sürdürülür.

Mövzuya görə xəbərlər