BAKI,TurkicWorld Orxan Qədirzadə
İstanbulda Axıska türklərinin deportasiyası tarixini və onların doğma torpaqlara qayıdış uğrunda mübarizəsini əks etdirən genişmiqyaslı sərgi təşkil olunacaq.
Məlumata görə, ekspozisiya Türkiyə Xarici İşlər Nazirliyinin dəstəyi, Dünya Axıska Türkləri Birliyinin koordinasiyası və muzeyçilik sahəsi üzrə mütəxəssis Bəstə Gürsunun kuratorluğu ilə hazırlanıb.
Sərginin əsas məqsədi Axıska türklərinin XX əsrdə üzləşdiyi deportasiya faciəsini geniş ictimaiyyətə çatdırmaq, bu xalqın məruz qaldığı tarixi ədalətsizliyə diqqət çəkmək və onların tarixi vətənə dönüş uğrunda apardıqları mübarizə barədə məlumatlılığı artırmaqdır.
Tarixi məlumatlara görə, 1944-cü il noyabrın 14-də keçmiş Sovet İttifaqının rəhbərliyi tərəfindən indiki Gürcüstan ərazisində yerləşən Axıska bölgəsindən təxminən 100 min Axıska türkü Mərkəzi Asiya və digər uzaq bölgələrə sürgün edilib. Deportasiya zamanı və sonrakı ilk illərdə minlərlə insan həyatını itirib.
Bütün çətinliklərə baxmayaraq, Axıska türkləri yaşadıqları ölkələrdə öz dillərini, milli-mədəni dəyərlərini və kimliklərini qoruyub saxlaya biliblər.
Təşkilatçıların qiymətləndirməsinə əsasən, hazırda dünyanın müxtəlif ölkələrində təxminən 750 min Axıska türkü yaşayır. Onların əhəmiyyətli hissəsi isə tarixi vətənə qayıdış məsələsinin hələ də tam həll olunmadığını bildirir.
Sərgi ənənəvi muzey materialları ilə yanaşı, rəqəmsal incəsənət nümunələri və süni intellekt texnologiyalarından istifadə olunmaqla interaktiv formatda təqdim ediləcək. Ekspozisiyada Axıska bölgəsinin tarixi, xalqın mədəni irsi, 1944-cü il deportasiyası, sürgün həyatı və müasir dövrdəki vəziyyəti əks etdirən bölmələr yer alacaq.
Layihə çərçivəsində toplanan materialların gələcəkdə Türkiyədə daimi muzey ekspozisiyasının yaradılması üçün istifadə olunması da nəzərdə tutulur.
Sərginin 15 gün ərzində ziyarətçilərin üzünə açıq qalacağı gözlənilir. Daha sonra ekspozisiyanın Ankara şəhərində və bir sıra xarici ölkələrdə nümayiş etdirilməsi planlaşdırılır.







