BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyədə məktəb və ətraf ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün 81 vilayət valiliyinə yeni təlimat göndərilib.
TurkicWorld xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Mustafa Çiftçinin imzası ilə göndərilən sənəddə məktəblərdə qoruyucu və qabaqlayıcı təhlükəsizlik tədbirlərinin artırılması, erkən xəbərdarlıq mexanizmlərinin yaradılması və risk əsaslı nəzarət sisteminin tətbiqi nəzərdə tutulur.
Yeni qaydalara əsasən, məktəblərdə kamera sistemləri qurulacaq, giriş-çıxışlar nəzarətə götürüləcək, zəruri hallarda yoxlama cihazları və təcili vəziyyət düymələri yerləşdiriləcək. Bu düymələr vasitəsilə məktəblər polis, jandarma və 112 xidməti ilə birbaşa əlaqə yarada biləcək.
Sənəddə məktəblərin risk səviyyəsinə görə ayrıca qiymətləndiriləcəyi, yüksək riskli təhsil müəssisələrində daimi “məktəb hüquq-mühafizə əməkdaşı”nın fəaliyyət göstərəcəyi bildirilir. Digər məktəblərdə isə rəhbərliklə daimi əlaqədə olacaq “təhlükəsiz təhsil üzrə koordinasiya əməkdaşı” təyin ediləcək.
Təlimata əsasən, məktəb giriş-çıxış saatlarında hüquq-mühafizə qüvvələrinin iştirakı artırılacaq, məktəb ətrafındakı tərk edilmiş tikililər, parklar, internet klublar və şagirdlərin sıx olduğu ərazilərdə patrul və yoxlamalar gücləndiriləcək.
Yeni yanaşma yalnız fiziki təhlükəsizliklə məhdudlaşmayacaq. Şagirdlər arasında zorakılıq meylləri, rəqəmsal risklər, sosial mediada təhlükəli çağırışlar və kibertəhdidlər də izləniləcək. Risk qrupunda olan uşaqlarla bağlı məktəb, valideyn və aidiyyəti qurumlar arasında koordinasiya təmin ediləcək.
Valiliklər görülən tədbirlər və qarşılaşılan problemlərlə bağlı aylıq hesabatları Milli Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyinə təqdim edəcəklər.




