BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi canlı yayımda çıxış edərək, dövlətin cinayətkar qruplaşmalara və narkotik ticarətinə qarşı apardığı genişmiqyaslı əməliyyatların nəticələrini paylaşıb. Nazir vurğulayıb ki, hökumətin əsas hədəfi Türkiyəni terror təhdidindən tamamilə təmizləməkdir.
TurkicWorld xəbər verir ki, nazirin sözlərinə görə, ilin əvvəlindən bəri cinayətkar qruplaşmalara qarşı mübarizə kəskinləşdirilib.
İlin əvvəlindən bu yana 215 cinayətkar qrupa qarşı 581 əməliyyat keçirilib.
Nazir qeyd edib ki, cinayətkar strukturların təkcə lojistik şəbəkələri deyil, həm də onların maliyyə qaynaqları və sosial media uzantıları hədəf alınacaq.
Mustafa Çiftçi küçələrdə güc nümayiş etdirən hər bir cinayətkar strukturun qarşısında Daxili İşlər Nazirliyini və dövlətin sarsılmaz gücünü görəcəyini bəyan edib.
Narkotik ticarətinin terrorun əsas maliyyə mənbəyi olduğunu xatırladan nazir, bu sahədəki rəqəmləri açıqlayıb.
"2026-nın başlanğıcından bu yana narkotik baronlarına qarşı 13 115 əməliyyat keçirmişik. Bu mübarizəni həm ölkə daxilində, həm də xaricində eyni qətiyyətlə davam etdiririk."- nazir deyib.
Nazir Türkiyənin yol hərəkəti təhlükəsizliyi ilə bağlı uzunmüddətli strategiyasını da açıqlayıb.
"2030-cu il hədəfi yol qəzalarında ölüm və yaralanma hallarını 50% azaltmaqdır, 2050-ci il hədəfi isə qəzalarda ölümü sıfıra endirməkdir"- deyə nazir bildirib.
Cərimələr haqqında danışan nazir bildirib ki, məqsəd vətəndaşlara cəza yazmaq deyil, qaydalara əməl olunmasını təmin etməkdir. Qeyd olunub ki, Ramazan bayramı dövründə sürücülərin 87,5%-i qaydalara tam əməl edib, yalnız 12,5%-nə qarşı inzibati tədbir görülüb.
Mustafa Çiftçi çıxışının sonunda terrorla mübarizə prosesinin təcrübə və soyuqqanlılıqla idarə olunacağını, bu prosesi sabotaj etmək istəyənlərin qarşısının qətiyyətlə alınacağını vurğulayıb.






