BAKI,TurkicWorld, Orxan Qədirzadə
Türkiyədə məktəblərdə təhlükəsizlik sisteminin tam yenilənməsi ilə bağlı yeni model açıqlanıb.
TurkicWorld xəbər verir ki, daxili işlər naziri Mustafa Çiftçi son dövrlərdə məktəblərə qarşı baş verən hücumlardan sonra 7 pilləli təhlükəsizlik modelinin tətbiq ediləcəyini bildirib.
Nazirin sözlərinə görə, ilk mərhələdə məktəblərdə risk analizi və təhlükə qiymətləndirilməsi tam şəkildə yenilənəcək və mövcud sistem yenidən qurulacaq.
Yeni model çərçivəsində məktəblərin giriş-çıxışlarında və ətraf ərazilərdə fiziki təhlükəsizlik tədbirləri gücləndiriləcək, nəzarət mexanizmləri sərtləşdiriləcək.
Bildirilib ki, hüquq-mühafizə orqanları ilə koordinasiya artırılacaq və məktəblərlə yaxın polis bölmələri arasında erkən xəbərdarlıq sistemi qurulacaq.
Modelin mühüm hissələrindən biri də psixoloji nəzarət mexanizmləridir. Məlumata görə, risk qrupuna daxil olan şagirdlər cəmiyyət sağlamlıq mərkəzləri vasitəsilə mütəmadi izlənəcək.
Eyni zamanda, daxili işlər qurumlarına bağlı virtual patrul qrupları sosial media və onlayn oyun platformalarında uşaqları mümkün təhlükələrdən qorumaq üçün monitorinq aparacaq.
Qeyd olunub ki, Təhsil, Səhiyyə və Ailə məsələləri üzrə qurumlar arasında məlumat mübadiləsi gücləndiriləcək və vahid koordinasiya sistemi yaradılacaq.
Bundan əlavə, məktəblərdə təhlükəsizlik mövzusunda maarifləndirici tədbirlər, seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.
Analitiklər hesab edir ki, yeni model təhlükəsizlik yanaşmasının kompleks və çoxsəviyyəli şəkildə yenidən qurulmasına yönəlib.

