BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Əməkdaşlıq və Kooperasiya Agentliyi (TİKA) və "Türkiye Teknoloji Takımı" Fondu (T3 Fondu) Şimali Makedoniyanın paytaxtında "Elm Skopye" (Bilim Üsküp) innovasiya mərkəzinin yaradılması layihəsinə start verib.
TurkicWorld xəbər verir ki, layihə çərçivəsində müvafiq protokol TİKA sədri Abdullah Eren və T3 Fondunun idarə heyətinin sədri Elvan Kuzucu Hıdır tərəfindən imzalanıb. "Milli Texnologiya Həmləsi" təşəbbüsünün bir hissəsi olan bu mərkəz uşaq və gənclərin tətbiqi elmlər, müasir texnologiyalar və incəsənət sahəsində təhsil alması üçün nəzərdə tutulub. Mərkəzdə robototexnika, biologiya, ekologiya və dizayn üzrə xüsusi laboratoriyalar fəaliyyət göstərəcək.
Qeyd edək ki, bu layihə Türkiyə və Şimali Makedoniya arasındakı strateji tərəfdaşlığın növbəti mərhələsidir. Hazırda Türkiyənin Şimali Makedoniya iqtisadiyyatına yatırdığı investisiyaların həcmi 2 milyard dollara yaxınlaşır. TİKA son 20 il ərzində bu ölkədə 1300-dən çox layihə həyata keçirib. "Elm Skopye" mərkəzinin 2026-cı ilin mart ayında istifadəyə verilməsi rəqəmsal iqtisadiyyat üçün kadr hazırlığına böyük töhfə verəcək.





