Son dəqiqə

Abdullah Eren TİKA Birol Akgün Bakı Türk Anadolu Liseyi robotik kodlaşdırma laboratoriyası robototexnika Azərbaycan-Türkiyə əməkdaşlığı

Bakıda TİKA-nın dəstəyi ilə robotik kodlaşdırma laboratoriyası yaradılıb

BAKI,TurkicWorld

TİKA-nın dəstəyi ilə Bakı Türk Anadolu Liseyinin Əhmədli kampusunda yaradılan yeni laboratoriya şagirdlərin proqramlaşdırma, robototexnika və mühəndislik sahəsində bacarıqlarını inkişaf etdirməsinə imkan verəcək.

Azərbaycan və Türkiyə arasında təhsil və elm sahəsində əməkdaşlığın daha bir nümunəsi Bakıda həyata keçirilib. Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə Bakı Türk Anadolu Liseyinin Əhmədli kampusunda müasir robotik kodlaşdırma laboratoriyası yaradılıb.

Laboratoriyanın açılış mərasimi sentyabrın 10-da keçirilib. Tədbirdə TİKA-nın sədri Abdullah Eren, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Bakı Türk Təhsil Müəssisələrinin direktoru Abdullah Yılmaz, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Mərasim Vətən uğrunda canından keçmiş şəhidlərin və vəfat etmiş dövlət xadimlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Türkiyənin İstiqlal Marşı və Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Bakı Türk Anadolu Liseyinin direktoru Abdullah Yılmaz bildirib ki, Azərbaycan və Türkiyə arasında təhsil və texnologiya sahəsində əməkdaşlığın əsas istiqamətlərindən biri gənclərin müasir texnologiyalara yiyələnməsi və innovativ layihələrə cəlb edilməsidir.

O qeyd edib ki, liseyin şagirdləri artıq bu sahədə mühüm uğurlara imza atırlar. Belə ki, 2025-ci ildə Azərbaycanda keçirilən 6 robototexnika yarışında iştirak edən şagirdlər 5 birincilik və 1 ikincilik əldə ediblər. Bununla onlar Azərbaycanı Panama, ABŞ və digər beynəlxalq yarışlarda təmsil etmək hüququ qazanıblar.

“Şagirdlər hər il müxtəlif robotik yarışlarda uğurla iştirak edirlər. Yeni açılan Əhmədli kampusunda da müasir tələblərə uyğun robotik kodlaşdırma laboratoriyası yaradılıb”, – deyə Abdullah Yılmaz bildirib.

Onun sözlərinə görə, laboratoriyada proqram təminatı üzrə mütəxəssis də fəaliyyət göstərəcək. Yeni mərkəzin şagirdlərin texnologiya, mühəndislik və proqramlaşdırma üzrə biliklərini artırmasına və gələcəyin mütəxəssislərinin hazırlanmasına töhfə verməsi gözlənilir.

TİKA-nın sədri Abdullah Eren çıxışında Türkiyənin müxtəlif dövlət qurumları ilə birlikdə Azərbaycanda təhsil, mədəniyyət və inkişaf istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

O bildirib ki, TİKA Azərbaycanda fəaliyyətinə 1990-cı illərin birinci yarısında başlayıb və bu müddət ərzində ölkədə 1700-dən çox layihə həyata keçirib.

Abdullah Eren Bakı Türk Anadolu Liseyinin də Azərbaycan və Türkiyə arasında əməkdaşlığın uğurlu nümunələrindən biri olduğunu vurğulayıb.

TİKA sədri müasir texnologiyaların və xüsusilə süni intellektin sürətlə inkişaf etdiyini qeyd edərək, gənclərin gələcəyin çağırışlarına hazırlaşdırılmasının vacibliyini bildirib.

“Biz övladlarımızı ayaqları yerə möhkəm basan, yerli və milli dəyərlərə sahib, eyni zamanda bütün bəşəriyyəti düşünən, insana dəyər verən mühəndislər kimi yetişdirməliyik”, – deyə Eren vurğulayıb.

Onun sözlərinə görə, yeni laboratoriya məhz bu istiqamətdə şagirdlər üçün mühüm imkanlar yaradacaq.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün isə TİKA-nın Azərbaycanda həyata keçirdiyi layihələrin uzunmüddətli əhəmiyyət daşıdığını bildirib.

Səfir qeyd edib ki, robotik kodlaşdırma laboratoriyası ilk baxışda sadəcə bir təhsil məkanı kimi görünə bilər. Lakin burada texnologiyanı bilən, dünyanı tanıyan və yüksək potensiala malik gənclərin yetişdirilməsi baxımından mühüm iş görüləcək.

Birol Akgün “Bir millət, iki dövlət” prinsipinin ən yaxşı şəkildə insan kapitalına sərmayə qoymaqla həyata keçirildiyini vurğulayıb.

“Binalar inşa edə, müharibəni qazana bilərsiniz. Lakin rəqabətin hökm sürdüyü dünyada iqtisadi qələbələri, ictimai uğurları və sosial dayanıqlılığı qorumaq istəyirsinizsə, dövrün tələblərinə uyğun düşüncəyə və lazımi bilik və bacarıqlara malik yaxşı insanlar yetişdirməlisiniz”, – deyə səfir bildirib.

Çıxışlardan sonra TİKA sədri Abdullah Eren, səfir Birol Akgün və nümayəndə heyəti yeni laboratoriyaya baxış keçirib, burada quraşdırılmış avadanlıqlarla tanış olublar.

Tədbirin ən maraqlı hissələrindən biri isə şagirdlərin öz layihələrini təqdim etməsi olub. Gənclər robototexnika və proqramlaşdırma sahəsində hazırladıqları praktiki işləri nümayiş etdiriblər.

Yeni laboratoriyada şagirdlər robototexnika, proqramlaşdırma, mühəndislik və müasir texnologiyalar üzrə nəzəri biliklərini praktikada sınamaq imkanı əldə edəcəklər.

Bununla yanaşı, laboratoriyanın onların yaradıcı və məntiqi düşünmə, problem həll etmə, komanda şəklində işləmə və innovativ yanaşma bacarıqlarının inkişafına şərait yaradacağı bildirilir.

Mövzuya görə xəbərlər