Son dəqiqə

Azərbaycan Türkiyə Bakı TİKA

Türk gənclərinin ilk dayanacağı Azərbaycandır

BAKI,TurkicWorld

Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Mahmud Ağrıman Bakı Türk Şəhidliyində keçirilən tədbirdə diqqətçəkən açıqlamalar verib. O bildirib ki, Türkiyədə və dünyanın müxtəlif ölkələrində təhsil alan gənclərin ilk səfər ünvanlarından biri məhz Azərbaycandır.

Mahmud Ağrımanın sözlərinə görə, bunun əsas səbəbi 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycanın azadlığı uğrunda göstərdiyi tarixi qəhrəmanlıqdır. O qeyd edib ki, TİKA sədri Abdullah Erenin rəhbərliyi ilə həyata keçirilən proqramlar çərçivəsində "inkişaf elçiləri" ilk olaraq Azərbaycana göndərilir ki, gənclər ortaq tarixi yerində öyrənsin, Nuru Paşanın və Osmanlı əsgərlərinin şücaətini yaxından tanısınlar.

Koordinator bildirib ki, proqram iştirakçıları Bakı, Gəncə, Şamaxı, Lənkəran və Quba da daxil olmaqla ölkənin müxtəlif bölgələrinə səfər edərək TİKA-nın həyata keçirdiyi layihələrlə tanış olublar. Onlara səhiyyə sahəsində yaradılan dializ mərkəzləri, tibbi laboratoriyalar, təcili tibbi yardım layihələri, eləcə də universitetlər arasında əməkdaşlıq proqramları təqdim edilib.
Səfər zamanı tələbələr Türk Anadolu Liseyi, Atatürk Liseyi, Türkiyə Diyanət Vəqfi, TRT, Anadolu Agentliyi, Maarif Vəqfi və Yunus Əmrə İnstitutu kimi qurumlarda da olublar.
Mahmud Ağrıman qeyd edib ki, kənd təsərrüfatı sahəsində həyata keçirilən arıçılıq, istixana, tingçilik və meşəsalma layihələri də proqramın mühüm hissəsini təşkil edib və gənclər bu təşəbbüslərlə yaxından tanış olublar.

Proqramın sonunda iştirakçılar Bakı Türk Şəhidliyini ziyarət edərək Qafqaz İslam Ordusunun şəhidlərinin xatirəsini ehtiramla yad edib, Nuru Paşanın irsinə hörmətlərini ifadə ediblər.
Çıxışının sonunda Mahmud Ağrıman Azərbaycan dövlətinə və xalqına göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib. O vurğulayıb ki, Azərbaycan sürətlə inkişaf edən, müasir və təmiz ölkədir və enerji, təhsil, humanitar əməkdaşlıq başda olmaqla bütün sahələrdə Azərbaycan–Türkiyə münasibətləri "Bir millət, iki dövlət" prinsipi əsasında uğurla inkişaf edir.

Mövzuya görə xəbərlər