Son dəqiqə

Azərbaycan Ceyhun Bayramov Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsi - AIDA TİKA Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı

Azərbaycanın beynəlxalq yardımından 140-dan çox ölkə faydalanıb - Ceyhun Bayramov

BAKI,TurkicWorld

Azərbaycanın beynəlxalq yardımından son 15 il ərzində 140-dan çox ölkə faydalanıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) yaradılmasının 15-ci ildönümünə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Nazir Azərbaycanın yardım alan ölkədən donor ölkəyə çevrilməsindən, AIDA-nın 15 illik fəaliyyətindən və ölkənin beynəlxalq inkişaf əməkdaşlığına töhfələrindən danışıb.

Ceyhun Bayramov bildirib ki, Azərbaycanın beynəlxalq yardım siyasəti xalqın həmrəylik və xeyriyyəçilik ənənələrinə əsaslanır. Bu yanaşma xüsusilə təhsil sahəsində özünü göstərir. Onun sözlərinə görə, indiyədək 120-dən çox ölkədən tələbə Azərbaycanda təhsil alıb və ya hazırda təhsilini davam etdirir.

Nazir qeyd edib ki, 2000-ci ildən etibarən Azərbaycanın sürətli iqtisadi inkişafı sistemli beynəlxalq yardım siyasətinin həyata keçirilməsi üçün zəruri imkanlar yaradıb.

O bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında 2011-ci ildə AIDA-nın yaradılması Azərbaycanın humanitar və inkişaf yardımlarının əlaqələndirilməsi, ölkənin inkişaf təcrübəsinin paylaşılması və beynəlxalq tərəfdaşlıqların genişləndirilməsi istiqamətində mühüm mərhələ olub.

Ceyhun Bayramovun sözlərinə görə, son 15 il ərzində Azərbaycanın beynəlxalq yardımından 140-dan çox ölkə faydalanıb. Bu çərçivədə Afrika qitəsinin bütün 54 ölkəsinə, Qoşulmama Hərəkatının 121 üzvündən 111-nə, İslam Əməkdaşlıq Təşkilatının 57 üzvündən 52-nə, 44 ən az inkişaf etmiş ölkədən 43-nə və 39 inkişaf etməkdə olan kiçik ada dövlətindən 28-nə yardım göstərilib.

Nazir vurğulayıb ki, 2020-ci ildən etibarən ikitərəfli və çoxtərəfli yardımlar çərçivəsində təxminən 400 milyon ABŞ dolları məbləğində vəsait ayrılıb.

O qeyd edib ki, Azərbaycan COVID-19 pandemiyası dövründə 80 ölkəyə yardım göstərib. Həmçinin Afrikada Ebola epidemiyasına qarşı mübarizə və qarşısı alına bilən korluğun aradan qaldırılması istiqamətində layihələrə dəstək verilib. Bu layihələr çərçivəsində 900 mindən çox insanın göz müayinəsi təşkil olunub və 150 mindən çox katarakt əməliyyatı həyata keçirilib.

Ceyhun Bayramov Azərbaycanın beynəlxalq inkişaf əməkdaşlığının yalnız maliyyə yardımı ilə məhdudlaşmadığını, bilik, bacarıq və təcrübə mübadiləsinin də mühüm istiqamət olduğunu vurğulayıb.

Nazir bildirib ki, "Cənub-Cənub" əməkdaşlığı çərçivəsində Azərbaycan elektron idarəetmə, dövlət xidmətləri, təhsil, səhiyyə və sosial müdafiə sahələrində öz təcrübəsini tərəfdaş ölkələrlə bölüşür. Onun sözlərinə görə, "ASAN xidmət" modeli bunun bariz nümunələrindən biridir.

Xarici işlər naziri Azərbaycanın COP29 sədrliyi dövründə inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin artırılmasının əsas prioritetlərdən biri kimi müəyyənləşdirildiyini xatırladıb.

O bildirib ki, Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi iqlim dəyişmələrinə həssas və münaqişələrdən zərər çəkmiş ölkələrə praktiki dəstəyin göstərilməsi baxımından mühüm platformadır.

Ceyhun Bayramov çıxışının sonunda Azərbaycanın beynəlxalq yardım siyasətinin gələcəkdə də tərəfdaş ölkələrin milli prioritetlərinə hörmət, qarşılıqlı faydalılıq, təcrübə mübadiləsi və dayanıqlı nəticələr prinsipləri əsasında davam etdiriləcəyini diqqətə çatdırıb.

Konfrans çərçivəsində AIDA ilə Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Anlaşma Memorandumu imzalanıb və panel müzakirələri keçirilib.

Tədbir zamanı, həmçinin "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində Azərbaycanda təhsil alan və akademik göstəriciləri ilə fərqlənən xarici tələbələr sertifikatlarla təltif olunublar.

Mövzuya görə xəbərlər