BAKI,TurkicWorld
31 avqust – 6 sentyabr 2026-cı il tarixində Qırğız Respublikasında keçirilən VI Dünya Köçəri Oyunları çərçivəsində “Köçəri sivilizasiyalar: irs, paradiqmalar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfrans çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə “Türk Dünyasının Mədəni İrsi – Birlik və Davamlı İnkişaf Amili” mövzusunda beynəlxalq panel sessiyası təşkil olunub.
Müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və mədəni irs üzrə mütəxəssisləri bir araya gətirən panel sessiyasında türk xalqlarının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, eləcə də mədəni irsin türk dünyasında birliyin möhkəmləndirilməsi və davamlı inkişafın dəstəklənməsində rolu ətrafında geniş müzakirələr aparılıb.
Panel sessiyasının açılışında Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndəsi Leyla Həsənova Fondun Prezidenti, professor Aktotı Raimkulovanın adından çıxış edib. Açılış nitqində Dünya Köçəri Oyunlarının yalnız idman yarışı deyil, türk xalqlarının ortaq tarixini, kimliyini və dəyərlərini yaşadan, alimləri, sənətkarları, idmançıları və mədəniyyət nümayəndələrini bir araya gətirən mühüm beynəlxalq platforma olduğu vurğulanıb.
Bildirilib ki, zəngin köçəri irsin qorunması yalnız onun nümayiş etdirilməsi ilə məhdudlaşmamalı, elmi araşdırmaların aparılması, ənənəvi biliklərin mühafizəsi və mədəni irsin gələcək nəsillərə ötürülməsi istiqamətində davamlı əməkdaşlıqla müşayiət olunmalıdır. Bu baxımdan, Dünya Köçəri Oyunlarının türk dünyasında mədəni əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm imkan yaratdığı qeyd edilib.
Panel sessiyasının həm-moderatoru qismində çıxış edən Fondun digər nümayəndəsi Nuri Aksu təşkilatın fəaliyyəti və həyata keçirdiyi genişmiqyaslı layihələr barədə təqdimatla çıxış edib.
Panel zamanı Fondun mühüm layihələrindən biri olan “Türk Dünyasının Mədəni Kodu” – Türk dünyasının mədəni irsinə dair Kataloqu da təqdim olunub. Qeyd edilib ki, kataloq türk xalqlarının zəngin və müxtəlif maddi-mədəni irsini, eləcə də onları əsrlər boyu birləşdirən ortaq mənəvi dəyərləri təqdim edir. Layihə eyni zamanda Ortaq Türk İrs Siyahısının yaradılması istiqamətində mühüm ilk addım kimi qiymətləndirilib.
Panel sessiyasının əlamətdar məqamlarından biri də “Türk Dünyasının Mədəni Kodu” Kataloqunun hazırlanmasına töhfə verən mütəxəssislərin Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən təltif edilməsi olub. Qırğızıstan Respublikası UNESCO üzrə Milli Komissiyasının Baş katibi Sabira Soltongeldiyeva, həmin Komissiyanın müşaviri və Mərkəzi Asiya Universitetinin Mədəni İrs və Humanitar Elmlər bölməsinin direktor müavini Aibek Samakov, həmçinin Aigine Mədəni Araşdırmalar Mərkəzinin nümayəndəsi Çolponai Usubalieva-Qrişuk layihəyə verdikləri dəyərli töhfələrə görə Fond tərəfindən təltif olunublar.
Panel müzakirələrində ortaq türk mədəni irsinin regional əməkdaşlığın və mədəni dayanıqlılığın gücləndirilməsində rolu vurğulanıb, onun qorunması və gələcək nəsillərə ötürülməsi üçün elmi və institusional əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.
Həmçinin, konfransın açılışında iştirak edən Qırğız Respublikasının Dövlət katibi cənab Arslan Koyçiyev Kurmanjan Datka adına Köçəri Sivilizasiyalar Mərkəzinin muzeyini ziyarət edərək Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi, TİKA və Türk Dünyası Fondunun maliyyə dəstəyi ilə yaradılmış, lakin rəsmi açılışı hələ baş tutmamış Mahmud Kaşğarinin “Divanü Lüğat-it-Türk” əsərinə həsr olunmuş sərgi zalı ilə tanış olub. Sərgi zalının yaradılması Qırğız Respublikasının Birinci xanımı Aygül Japarovanın təşəbbüsü və göstərişi ilə həyata keçirilib. Qeyd edək ki, Türk Mədəniyyəti və İrsi Fondu Qırğızıstanın zəngin tarixi-mədəni irsinin qorunması istiqamətində bir sıra mühüm layihələrə dəstək verib. Belə ki, Fondun təşəbbüsü və dəstəyi ilə görkəmli qırğız şairi Alıkul Osmonovun ev-muzeyi bərpa olunub, Krasnaya Reçka ərazisində yerləşən Qaraxanlılara aid qədim yaşayış məskəninin qorunması və bərpasına töhfə verilib. Bununla yanaşı, Fond tərəfindən Qırğızıstanda ortaq türk irsinin tədqiqi, nəşri, təbliği və gənc nəsillərə çatdırılmasına yönəlmiş bir sıra digər layihələr də həyata keçirilib.







