T3 Fondu Azərbaycanda layihələrinin sayını artıracaq

T3 Fondu Azərbaycanda layihələrinin sayını artıracaq

Bakı. TurkicWorld:

Türkiyə Texnologiya Komandası Fondu (T3 Fondu) Azərbaycanın müxtəlif şəhərlərində layihələrini genişləndirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə T3 Fondunun İdarə Heyətinin sədri Elvan Kuzucu Hıdır açıqlama verib.

O, həmçinin Azərbaycanda qurulan "Bilim Bakı" mərkəzinə yüksək tələbatın olduğunu vurğulayıb.

"2022-ci ildə TEKNOFEST Azərbaycanda keçirilən yarışlarda bu ölkədən 1000-ə yaxın iştirakçı var idi, lakin növbəti il ​​İstanbulda keçirilən TEKNOFEST-də Azərbaycandan iştirak edən yarışmaçıların sayı dəfələrlə artdı", - deyə o qeyd edib.

E.K.Hıdır onu da bildirib ki, "Bilim Bakı" özündə Deneyap texnologiya emalatxanaları ilə yanaşı astronomiya, kosmik aviasiya, riyaziyyat və dizayn kimi müxtəlif emalatxanaları birləşdirir.

Qeyd edək ki, ASAN xidmət ilə Türkiyə Texnologiya Komandası Fondu (T3) arasında imzalanmış memoranduma əsasən yaradılan "Bilim Bakı" mərkəzinin açılışı 28 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin "Nobel" mükafatçısı Əziz Sancarın iştirakı ilə baş tutub.

Mərkəzin məqsədi 6-14 yaşlı şagirdlərin texnologiya, innovasiya, elm və sahibkarlıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, onlara məktəbdə öyrədilən anlayışları tətbiqi təlimlər vasitəsilə əyani nümayiş etdirməkdir. Eyni zamanda gündəlik həyatda elm və texnologiyanın ekvivalentini göstərmək və nəzəriyyəsi məlum olan elmi hadisələrin praktikada necə işlədiyini müşahidə etmək imkanlarını yaratmaq əsas prioritetlərdir.

Ləman Əsədli
Twitter: Lamanasadli01