BAKI,TurkicWorld
9 sentyabr 2026-cı il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ev sahibliyi ilə Bakıda “Altayşünaslığın keçmişi, bu günü və gələcəyi” mövzusunda XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun açılış mərasimi keçirilib.
Simpozium Azərbaycan Milli Elmlər Akademiyası, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Tarix Qurumu, Türk Dövlətləri Təşkilatı (TDT), Türk Akademiyası və Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin dəstəyi ilə keçirilir.
Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunan beynəlxalq elmi tədbirdə dünyanın müxtəlif ölkələrindən tanınmış alim və tədqiqatçılar, eləcə də türk dünyasının elm və mədəniyyət qurumlarının nümayəndələri iştirak ediblər.
Simpoziumun açılışında fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova XIV Beynəlxalq Altay Topluluqları Simpoziumunun Bakıda, Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunduğu bir ildə keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Professor Aktotı Raimkulova, eləcə də Birinci Türkoloji Qurultayın 100 illik yubileyi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun həyata keçirdiyi beynəlxalq layihələrdən də söz açıb.
Açılış mərasimində həmçinin AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Türkiyənin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri, professor Dr. Birol Akgün, Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Tarix Qurumunun prezidenti, professor Dr. Haluk Selvi, AMEA-nın vitse-prezidenti, akademik Gövhər Baxşəliyeva və Altay Topluluqları Simpoziumunun rəhbəri, professor Dr. İlhan Şahin çıxış ediblər.
9–12 sentyabr tarixlərində keçirilən XIV Beynəlxalq Altay Topluluqları Simpoziumu çərçivəsində Altayşünaslığın müxtəlif istiqamətləri, türk xalqlarının qədim tarixi, dili və mədəni əlaqələri, eləcə də müasir elmi tədqiqatların perspektivləri ilə bağlı məruzə və müzakirələr aparılır.







