Bakı, TurkicWorld
Türkiyə və Pakistan müdafiə sənayesi sahəsində yeni əməkdaşlıqlara imza atıb
TurkicWorld xəbər verir ki, Türkiyənin Ramsa Defense şirkəti ilə Pakistanın dövlət tank istehsalçısı Heavy Industries Taxila (HIT) arasında 14 müxtəlif sahəni əhatə edən anlaşma memorandumları və müqavilələr imzalanıb. Bu əməkdaşlıq hərbi texnologiya transferini və birgə istehsal layihələrini də əhatə edir.
Ramsa Defense-in baş direktoru Ramazan Güçikturalı əməkdaşlığın əsas detallarını açıqlayıb.
Belə ki, HIT ilə ağır silah lüləsi istehsalı, texnologiya transferi və ehtiyat hissələrinin tədarükü üzrə müqavilələr imzalanıb.
Həmçinin, yeni inkişaf etdirilmiş TURAL-1 pilotsuz quru nəqliyyat vasitəsinin Asiya bazarında istehsalı üçün ilkin razılaşma əldə olunub.
Əlavə olaraq, ilk mərhələdə ehtiyat hissələrin göndərilməsi nəzərdə tutulur, növbəti mərhələlərdə isə birgə istehsal planlaşdırılır.
TURAL-1 quru nəqliyyat vasitələri arasında öz seqmentində ən təchiz olunmuş cihaz hesab olunur. Bu vasitə lidar, radar, 4G texnologiyası və daxili veb sistemlər olmaqla, 4 modulda işləmə qabiliyyətinə malikdir.
Tural həm hərbi nəqliyyat, həm də silah və təchizat sistemlərinin daşınmasında istifadə edilə bilər.
Güçikturalı vurğulayıb ki, TURAL-1-in Asiya seqmentinin istehsalı Pakistanda baş tutacaq və bu, regionda texnologiya transferi üçün böyük addımdır
O, həmçinin bildirib ki, yerli şirkətlərin də bu prosesdə iştirakına dəstək verməyə hazırdırlar.