Bakı. TurkicWorld:
Türkiyə Pilotsuz Uçuş Aparatları (PUA) texnologiyası üzrə dünyada üç lider ölkədən biridir.
TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün deyib.
“Unikal dizaynı və qabaqcıl texnologiya imkanları ilə Türkiyə hazırda Pilotsuz Uçuş Aparatları, Milli Gəmi Layihələri, Elektron Sistemlər, Quru Vasitələri, Silah və Sursat Sistemləri sahələrində qlobal aktordur. Xüsusilə pilotsuz uçuş aparatları, quru və dəniz platformaları baxımından dost və qardaş ölkələrin də ehtiyaclarını ödəyən ölkəyə çevrilmişik", - deyə o qeyd edib.
Görgün onu da bildirib ki, PUA-lara inteqrasiya olunmuş radarlar, elektron komponentlər, elektro-optiklər, döyüş sursatı, faydalı yüklər və platformaya inteqrasiya olunmuş proqram təminatı müdafiə sənayesi ekosistemi tərəfindən milli səviyyədə hazırlanır.
"BAYKAR işlə təmin olunan gənc istedadları, yenilikçi üstün texnologiyaları və ixrac nailiyyətləri ilə bütün dünyanın yaxından izlədiyi bir şirkətdir və ölkəmizin milli qürurudur", - deyə o vurğulayıb.
Qeyd edək ki, 24 ədəd Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatları Polşa inventarına daxil edilib. Beləliklə, Türkiyə ilk dəfə NATO və Avropa İttifaqı (Aİ )üzvü ölkəyə Pilotsuz Uçuş Aparatı (PUA) ixracını tamamlayıb.