İslam dünyasının birləşməsi və Fələstinə dəstək olması vacibdir - Cevdet Yılmaz

İslam dünyasının birləşməsi və Fələstinə dəstək olması vacibdir - Cevdet Yılmaz

Bakı. TurkicWorld:

İslam dünyasının birləşməsi və Fələstinə dəstək olması həmişəkindən daha çox vacibdir.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq üzrə Daimi Komitəsinin 39-cu Nazirlər Sessiyasının yekun proqramında çıxışı zamanı deyib.

"Nüvə silahından istifadə etməklə cəmiyyətləri açıq şəkildə hədələyənlər beynəlxalq hüquq qarşısında cavab verməlidir. Mən buradakı bütün iştirakçıları müsəlman, xristian və ya yəhudi olmasından asılı olmayaraq mülki insanların öldürülməsinə səssiz qalmamağa dəvət edirəm. Bütün üzvlərimizi və bütün bəşəriyyəti regionda atəşkəsə nail olmağa və daha sonra iki dövlətli həll yolu yaratmaq üçün birgə təşəbbüs göstərməyə dəvət edirik. Paytaxtı Qüds olan müstəqil Fələstin dövləti yaranmadan regionda və dünyada sülh və təhlükəsizliyin bərqərar olması mümkün deyil”, - deyə o vurğulayıb.

O, Türkiyə olaraq humanitar və tibbi yardımları fasiləsiz olaraq davam etdirəcəklərini, atəşkəsin təmin edilməsi, daha sonra isə radikal siyasi həllin yaradılması üçün bütün platformalarda var gücləri ilə çalışacaqlarını qeyd edib.

Xatırladaq ki, oktyabrın 7-də HƏMAS İsrail əleyhinə “Əqsa Tufanı” əməliyyatına başlayıb. Buna cavab olaraq, İsrail Qəzzada hərbi əməliyyatlara başlayıb.

İsrailin Qəzzaya hücumları nəticəsində 7 oktyabrdan bu günə qədər 15 min 899 nəfər həyatını itirib.

X: Lamanasadli01