Son dəqiqə

Türkiyə Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurası

BMT TŞ növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi - Ərdoğan

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası növbəti dəfə üzərinə düşən məsuliyyəti yerinə yetirə bilmədi.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz rəsmi X sosial media hesabında bildirib.

"İslam Əməkdaşlıq Təşkilatı İcraiyyə Komitəsinin Ciddədə keçirilən Fövqəladə Toplantısının İsrailin artan zülmü qarşısında islam dünyasının qətiyyətini, Fələstin xalqı ilə həmrəyliyini və Fələstinə verdiyi dəstəyi konkret şəkildə nümayiş etdirdiyi üçün yüksək qiymətləndirirəm. 17 ildir blokada şəraitində yaşayan Qəzza xalqına yardım etməyə davam edirik. Lakin bölgəyə təyyarədaşıyan gəmilərin göndərilməsi, Fələstin xalqına yardımların kəsilməsi, Qəzza xalqının cəzalandırılması kimi addımlarla sülhü təmin etmək səylərimiz pozuldu", - deyə o vurğulayıb.

R.T.Ərdoğan onu da bildirib ki, Qəzzada baş verən qətliam dünən Əl-Əhli Ərəb Xəstəxanasına edilən hücumla daha da dəhşətli hal alıb.

"Qəzza xalqına qarşı soyqırım sayılan bu hücumun səbəbkarlarını qınayıram. İsrailin bombardmanlarında şəhid olan, əksəriyyəti uşaq və qadınlardan ibarət 4 min Qəzzalı bacı-qardaşımıza Allahdan rəhmət, yaralılarımıza şəfalar diləyirəm.Türkiyə olaraq əvvəlcə humanitar atəşkəs, sonra isə daimi sabitlik yaratmaq üçün çalışmalarımızı davam etdirəcəyik", - deyə R.T.Ərdoğan əlavə edib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində 3 min 300 nəfər həyatını itirib, ən azı 13 min nəfər yaralanıb.

Qəzzadan həyata keçirilən hücumlarda 304-ü əsgər olmaqla 1405 israillinin öldüyü, 3 min 968 israillinin yaralandığı bildirilib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Mövzuya görə xəbərlər