Bakı. TurkicWorld:
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və onu müşayiət edən şəxslərin helikopter qəzasında həlak olması ilə bağlı İranabaşsağlığı verib.
TurkicWorld xəbər verir ki, o, bu barədə X sosial media hesabında paylaşım edib.
"Helikopter qəzası nəticəsində həyatını itirən İran prezidenti İbrahim Rəisiyə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və yaxınlarına Allahdan rəhmət diləyir, ailələrinə, dost və qardaş İran xalqına və dövlətinə başsağlığı verirəm", - deyə o bildirib.
Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində doqquz nəfər həlak olub.







