Ərdoğan dünyada böyük nüfuza sahibdir - Umud Mirzəyev

Ərdoğan dünyada böyük nüfuza sahibdir - Umud Mirzəyev

Bakı. TurkicWorld:

Ərdoğan dünyada böyük nüfuza sahibdir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti (BAMF) Umud Mirzəyev deyib.

"Tarixi anlar, günlər yaşayırıq. Ərdoğan dönəmi bütövlükdə regiondakı durumu, regiondakı dövlətlərin yerini birmənalı şəkildə bəlirlədi. Ötən gün Türkiyədə baş verən seçkilər mübarizə idi - bir Ərdoğan davasının aşiqləri ilə bu davaya zidd olan qurumların, böyük supergüclərin, seperatçıların arasında gedən böyük bir mübarizə",- deyə o qeyd edib.

Umud Mirzəyev bildirib ki, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin 28 May tarixinə təsadüf etməsi Azərbaycanda iki qat bayram ovqatı yaratdı. Biz həm Müstəqilliyimizin 105-ci ildönümünü, həm də cənab Ərdoğanın yenidən Türkiyənin Prezidenti seçilməsini böyük sevinclə qeyd etdik. Türkiyəyə ləkə yaxmaq istəyənlərin arzusu ürəyində qaldı. Bütün dünya Türkiyədəki seçkilərin demokratiya çərçivəsində keçirildiyinin şahidi oldu. Seçkilər nəticəsində qazanan Türkiyə oldu, Türkiyənin dostları oldu. Regionda sülh qələbə çaldı.

"Əgər Ərdoğan hakimiyyətdən getsəydi, birmənalı olaraq, regionda sabitlik pozulardı, Türkiyə daxilində qarışıqlıq yaşanardı, Cənubi Qafqazda böyük problemlər yaranardı. Bəlkə də müharibələr başlayardı. Bu gün Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ümumbəşəri bir haldır. Çünki Ərdoğan dünyada böyük nüfuza sahibdir", - deyə BAMF prezidenti vurğulayıb.