Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə Azərbaycan -Türkiyə strateji müttəfiqliyi daha da inkişaf edəcək - Naqif Həmzəyev (ÖZƏL)

Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə Azərbaycan -Türkiyə strateji müttəfiqliyi daha da inkişaf edəcək - Naqif Həmzəyev (ÖZƏL)

Bakı. TurkicWorld:

Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi daha da inkişaf edəcək.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

"Türkiyədə keçirilən gərgin və iki turdan ibarət olan prezident seçkiləri 28 May tarixində başa çatdı. Rəcəb Tayyib Ərdoğan və Türkiyədəki milliyyətçilər qalib gəldilər. Heç kəsə sirr deyil ki, son 21 il ərzində Türkiyə çox fərqli bir inkişaf mərhələsi keçib. Hər şeydən öncə Türkiyə regional deyil, qlobal gücə çevrilib. Azərbaycanın haqq səsinin, haqq davasının reallaşmasında, Qarabağ probleminin həllində də Türkiyə yaxından iştirak edib. Həmçinin ölkəmizin beynəlxalq layihələrinin həyata keçirilməsində, resurslarımızın dünya bazarlarına və Avropaya çıxarılmasında Türkiyənin əvəzsiz rolu olub. Türkiyə və Azərbaycan bir-birilərinə o qədər qaynayıb qarışıb ki, bu iki qardaş ölkənin sevinci də, kədəri də birdir", - deyə deputat qeyd edib.

Naqif Həmzəyev vurğulayıb ki, bütün proseslərdə Azərbaycanla Türkiyə birlikdə addımlayır və Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi ilə Azərbaycan-Türkiyə strateji müttəfiqliyi daha da inkişaf edəcək. Bütün bunlarla yanaşı, Türk dünyasının birləşmə yolunda atdığı addımlar, irəliləyişlər davam edəcək, Türk Dövlətləri Təşkilatı daha da güclənəcək və növbəti 5 il ərzində Azərbaycan -Türkiyə, o cümlədən, Türk dünyası münasibətlərinin daha da güclənməsi gözlənilir.

"Əlavə olaraq, Qarabağda quruculuq-abadlıq işləri sürətlə davam edəcək. Bu işdə yaxından iştirak edən Türk şirkətləri daha da aktivləşəcək. Eyni zamanda, Türkiyədə baş verən zəlzələlər nəticəsində zərərçəkən türk qardaşlarımızın müasir tələblərə cavab verən evlərə köçürülməsində Azərbaycanın da yaxından iştirakı davam etdiriləcək. Bir sözlə, növbəti beş il ərzində Türkiyə-Azərbaycan münasibətlərində biz əlaqələrin daha da möhkəmləndirilməsinin şahidi olacağıq. O cümlədən, Türkiyə regional və qlobal problemlərin həllində aktiv iştirakını davam etdirəcək, xüsusilə, onun Ukrayna-Rusiya probleminin həllinə yönəlmiş müsbət səylərinin şahidi olacağıq. Türkiyə iqtisadiyyatı daha da güclənəcək, Zəngəzur koridoru açılacaq və Azərbaycandan Türkiyəyə avtomobil və dəmiryolları yola düşəcək", - deyə Milli Məclisin deputatı əlavə edib.