Bütün Azərbaycan xalqı cənab Ərdoğanın Azərbaycana olan münasibətini yüksək qiymətləndirir - Nizami Cəfərov (ÖZƏL)

Bütün Azərbaycan xalqı cənab Ərdoğanın Azərbaycana olan münasibətini yüksək qiymətləndirir - Nizami Cəfərov (ÖZƏL)

Bakı. TurkicWorld:

Bütün Azərbaycan xalqı cənab Ərdoğanın Azərbaycana olan münasibətini yüksək qiymətləndirir.

Bu sözləri, TurkicWorld-a özəl açıqlamasında Milli Məclisin deputatı Nizami Cəfərov bildirib.

"Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi, Azərbaycanın, Azərbaycan Prezidentinin, Azərbaycan xalqının bütövlükdə maraqları daxilində idi. Bunun üçün hər cür əsaslar var. Ərdoğan Türkiyənin prezidenti olduğu illərdə çox böyük işlər görüb. Xüsusilə, Azərbaycanın dünyada tanınması üçün, özünümüdafiə gücünün artması üçün ilk növbədə, çox güclü mənəvi, siyasi, diplomatik dəstək verib. Bu da bizim üçün çox əhəmiyyətlidir. Çünki Azərbaycan artıq iqtisadi inkişaf yoluna çıxıb, 2000-ci illərdə, yəni təxminən, Azərbaycanda neft strategiyası işə salındıqdan sonra Azərbaycan heç cür işğalla barışa bilməzdi. Ölkə başçısı cənab İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan inkişaf edir, biz bütün dünyanın gözləri qarşısında həm iqtisadi baxımından, həm beynəlxalq nüfuz etibarilə, həm də mənən və ruhən güclənir. Yeni nəsil gəlir. Hansı ki, bu nəsil Azərbaycan torpaqlarını istiladan azad etdi", - deyə o qeyd edib.

Nizami Cəfərov vurğulayıb ki, güclənən Azərbaycan dünya miqyasında Türkiyəyə hər zaman dəstək verib. Bunun müxtəlif nümunələrini göstərə bilərik. Dəfələrlə olub ki, yüksək səviyyəli beynəlxalq konfranslarda Azərbaycan Prezidenti İlham Əliyev çox böyük cəsarətlə Türkiyənin mövqeyini müdafiə edib. Hansı ki, o yerlərdə Türkiyə Prezidenti olmayıb. Azərbaycan Prezidentinin bu münasibəti həmişə Türkiyədə böyük rezonansa səbəb olub və yüksək coşğuyla qarşılanıb.

"Bütün Azərbaycan xalqı cənab Ərdoğanın Azərbaycana olan münasibətini yüksək qiymətləndirir. Xalqımız ürəkdən, səmimi istəklə Ərdoğanın yenidən prezident seçilməsini dəstəklədi. Bütün dünya şahid oldu ki, Türkiyədəki prezident seçkiləri tam demokratik yolla və obyektivliklə keçirildi. Rəcəb Tayyib Ərdoğan Türkiyə üçün böyük strateji, iqtisadi işlər görüb. Bu baxımdan Ərdoğanın yenidən prezident seçilməsi gözlənilən nəticə idi. Bundan sonra da Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu daha da inkişaf edəcək"- deyə deputat əlavə edib.