Bakı,TurkicWorld
Qırğızıstan prezidenti Sadır Japarov Qırğızıstanda işgüzar səfərdə olan Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
TurkicWorld, AzerVoice-ə xəbər verir ki, tərəflər ikitərəfli əməkdaşlığın aktual məsələlərini, o cümlədən ticarət-iqtisadi və mədəni-humanitar əlaqələri, eləcə də enerji və nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətləri müzakirə ediblər.
Japarov Qırğızıstanın ikitərəfli əməkdaşlığı daha da gücləndirməyə səy göstərdiyini vurğulayıb və Türkmənistandan enerji resurslarının Qırğızıstana çatdırılması məsələlərini həll etdiklərinə görə türkmən tərəfinə minnətdarlığını bildirib.
Prezident ölkələr arasında nəqliyyat-logistika əməkdaşlığının əhəmiyyətli potensialını qeyd edərək, ticarət-iqtisadi münasibətlərdəki müsbət dinamikanı vurğulayıb.
Sadır Japarov çağırışlara və təhlükələrə birgə cavab vermək üçün çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı fəaliyyətə hazır olduqlarını bildirib.
Öz növbəsində Türkmənistan xarici işlər naziri Rəşid Meredov, Sadır Japarovun 2021-ci ildə Türkmənistana etdiyi ilk rəsmi səfərinin iki ölkə arasında siyasi, ticarət-iqtisadi, mədəni-humanitar və digər sahələrdə tərəfdaşlıq əlaqələrinin potensialını daha da artırmağa yönəlmiş strateji əhəmiyyətli məsələlərin geniş spektrdə müzakirəsinə imkan yaratdığını vurğulayıb.
Rəşid Meredov Türkmənistanın əməkdaşlığı daha da dərinləşdirməyə hazır olduğunu qeyd edərək, birgə səylərin iki dövlət arasında qardaşlıq və mehriban qonşuluq münasibətlərini gücləndirəcəyini bildirib.
Görüşün sonunda Prezident Sadır Japarov Qırğızıstan-Türkmənistan münasibətlərinin gələcəkdə də strateji tərəfdaşlıq əsasında inkişaf edəcəyinə inamını ifadə edib.